İlham Əliyev: "ABŞ Azərbaycana 10 milyard yatırıb"

İlham Əliyev: "ABŞ Azərbaycana 10 milyard yatırıb"
2 Mart 2017
Mətni dəyiş
Dünən, martın 1-i Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının (AATP) illik beynəlxalq konfransı olub. Konfrans iki ölkə arasında iqtisadi əlaqələr və diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunub. Azərbaycanın ABŞ-dakı səfirliyi konfransın işinə dəstək verib.
İllik konfrans "Gələcəyə Baxış: diplomatiya, biznes, ticarət, investisiya" mövzusuna həsr olunub. Tədbirə aparıcı şirkətlərin, analitik mərkəzlərin, hökumətlərin təmsilçiləri də daxil olmaqla 200-dən çox qonaq qatılıb.
Konfransda prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciəti oxunub.
Prezident İlham Əliyev müraciətdə qeyd edib ki, Amerika şirkətləri Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan çox vəsait qoyublar.
"İndiyədək Amerika şirkətləri Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan çox vəsait qoyublar. Ümumilikdə Azərbaycan iqtisadiyyatına 200 milyard ABŞ dollarınadək investisiya yatırılıb", - prezidentin müraciətində deyilir.
Müraciətdə xatırladılıb ki, Azərbaycan Amerika Birləşmiş Ştatlarının tam dəstəyi ilə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi mühüm beynəlxalq layihələri həyata keçirib.
"Hazırda biz Avropanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcək Cənub Qaz Dəhlizi çərçivəsində yaxından əməkdaşlıq edirik", - deyə prezident qeyd edib.
Konfrans bir neçə paneldə müzakirələr formasında işini davam etdirib.
Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun