"Hökumətin üzvlükdən çıxmasını mənfi qiymətləndirirəm"

"Hökumətin üzvlükdən çıxmasını mənfi qiymətləndirirəm"
12 Mart 2017
Mətni dəyiş
"Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Astana toplantısında Azərbaycanın qarşısına tələblər qoymuşdu. Tələblər QHT-lərin hüququ və praktik fəaliyyətini yaxşılaşdırmaq üçün qanunvericilikdə dəyişikliklər tələbləri idi. Təssüflər olsun ki, hökumət bu tələbləri yerinə yetirmədi. Bu məsələnin mahiyyətinə uyğun olmayan addımlar atıb prosesi ötüşdürməyə çalışdı". 
Bu sözləri Abzas.net-ə Azərbaycanın MSŞT-daki fəaliyyətinin dayandırılmasına münasibət bildirərkən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov deyib.
A.Qurbanovun sözlərinə görə, onlar əvvəlcədən proqnozlaşdırsa da, digər insanlar düşünürdü ki, MSŞT-nın öz marağları var və buna görə Azərbaycanın statusu ləğv edilmiyəcək.
“Mən bundan öncə də demişdim ki, Azərbaycan məsələsinə baxanda MSŞT bir məsələyə diqqət yetirəcək. Məsələ ondan ibarət idi ki, hökumət nə qədər ölkə standartlarını yerinə yetirir və o standartlara uyğun davranır. Burda iki seçim var idi: MSŞT  Azərbaycanla bağlı məsələyə baxıb Azərbaycanın statusun ləğv edəcəkdi, ya da MSŞT-da başqa marağlar güdüb məsələni bir qədər uzadacaqdı. Ancaq biz öncədən də planlaşdırırdıq ki, MSŞT Azərbaycanın qurumdakı fəaliyyətini dayandıracaq” – deyə A.Qurbanov bildirib.
Akif Qurbanov deyir ki, təəssüflər olsun ki, Azərbaycan tərəfi bundan nəticə çıxartmağ əvəzinə, MHŞT-ni rəsmi şəkildə tərk etdiyini bəyan etdi.
“MSŞT-nın tələblərinin prinsipial və qəti olduğunu görən hökumət seçim qarşısında qaldı: Ya tələbləri qəbul edib QHT-lərin normal fəaliyyətini bərpa etməli, vətəndaş cəmiyyətinə basqıları durdurmalı, İlqar Məmmədov başda olmaqla bütün siyasi məhbusları buraxmalı idi, ya da bütün bunları həyata keçirməkdən imtina etməli idi. Hökumət bütün bu tələbləri həyata keçirməyəcəyi təqdirdə zatən təşəbbüsdən uzaqlaşırılacağını bildiyi üçün belə bir bəyanatla çıxış edib MHŞT-ni rəsmi şəkildə tərk etdi” – deyə Akif Qurbanov bildirib.
QHT koalisiyasının üzvü Nəsimi Məmmədli isə deyir ki, təəssüf ki, dünən  MSŞT  İdarə Heyətinin Azərbaycanın MSŞT-dakı fəaliyyətinin dayandırılması ilə bağlı qərarının ardınca, Azərbaycanın hökumət təmsilçiləri də dərhal MHŞT-ni tərk etdiklərini rəsmən bəyan etdi.
Nəsimi Məmmədlinin sözlərinə görə, Azərbaycan hökumətinin bu qərarı gözlənilən idi.
“Ola bilər kimlər üçünsə bu qərar gözlənilməz olub. Amma bu qərarı gözlənilən edən bir neçə açıq səbəb var idi.  Azərbaycanın üzərinə qoyulmuş öhdəliklərin hökumət tərəfindən icra olunmaması müzakirəyə təqdim edilən sənədlərdə çox aydın şəkildə öz əksini tapmışdı. Hələ müzakirələrdən xeyli öncə hökumət təmsilçiləri çox dəqiq bilirdi ki, bu istiqamətdə ciddi addımlar atılmasa, ölkəni hansı qərar gözləyir. Faktiki olaraq bir sıra problemləri vaxtında həll etməyə qadir olan hökumət, nədənsə bu addımları atmaqda istəkli və maraqlı olmadı. Görünür hökumət də belə bir qərara öncədən hazır olub” – deyə N.Məmmədli bildirib.
Nəsimi Məmmədlinin sözlərinə görə, ölkənin bu platformada qalması və ya çıxarılması hökumət üçün elə də həlledici əhəmiyyətə malik deyildi. Əksinə, getdikcə artan tələblər ona arzulamadığı siyasi nəticə yaradırdı.
“Bu ilin fevral ayının 1-də MSŞT-nin sədri cənab Frederik Reynfeldt ilə qapalı görüşdə onun prezidentlə danışıqlarından gəldiyi qənaəti bölüşməsi, habelə Neft Fondunda keçirilən seminardan və MSŞT-nin Çoxtərəfli Qrupunun iclasından anladım ki, Azərbaycan hökuməti MSŞT-də qalmaq üçün heç bir xüsusi təşəbbüs göstərməyəcək. Yəni ölkənin bu platformada qalması və ya çıxarılması hökumət üçün elə də həlledici əhəmiyyətə malik deyildi. Əksinə, getdikcə artan tələblər ona arzulamadığı siyasi nəticə yaradırdı” – deyə QHT Koalisiyasının üzvü deyib.
Nəsimi Məmmədli deyir ki, hökuməti bu addıma vadar edən situasiya həm də yalnız görünən məsələlərlə bağlı deyil. Burada yaxın gələcəkdə proqnozlaşdırılan real və gərgin siyasi proseslərin yaradacağı qayğılar da var.
“Təsadüfi deyil ki, İdarə Heyətinin qərarını ədalətsiz hesab edən hökumət nümayəndələrinin də əsas arqumenti budur ki, hazırda MSŞT öz ilkin mandatından xeyli uzaqlaşıb. Müxtəlif sahələrdə fəaliyyət göstərən qrupların hər imkanda əlaqəsiz faktları bu müstəvidən təqdim etməsindən rahatsız olub. Təşəbbüsdən çıxmağı da əsasən onun öz ilkin missiya və məqsədlərindən uzaqlaşmasının göstəricisi kimi təqdim etməyə çalışıb. Bu prosesin niyə baş verməsi səbəblərini təhlil edərkən sadaladıqlarımızla yanaşı, həm də köməkçi faktorlar da rol oynadı. Heç kimə sirr deyil ki, vətəndaş cəmiyyətində də MSŞT ilə bağlı ciddi fikir ayrılıqları yaranmışdı. Görünür bu fikir ayrılıqları və zəifləmə də məqsədli şəkildə dərinləşdirildi və sonda bu cür xoşagəlməz qərarın qəbulu üçün münbit şərait yarandı” – deyə N.Məmmədli bildirib.
Nəsimi Məmmədli deyir ki, ölkəmizin maraqları baxımından bu qurumdan çıxarılmasnın əleyhinə olub və bunun çox zərərli təsirlərini də ehtimal edir.
Onun sözlərinə görə, istənilən halda nüfuzlu beynəlxalq platformalarda təmsilçilik cəmiyyət üçün müsbət nümunələr yarada bilər.
“MSŞT kifayət qədər nüfuzlu qurum olduğundan, ölkənin oradan çıxması bir çox məsələlərə mənfi təsir göstərə bilər. Xüsusilə də şəffaflığa, korrupsiyaya qarşı mübarizəyə, Açıq Hökumət təşəbbüslərinə, habelə ölkədə demokratik azadlıqların durumuna, siyasi məhbus problemlərinə də mənfi təsirləri istisna deyil. Təəssüf ki, Açıq Hökümət Tərəfdaşlığı təşəbbüsündə də ölkəmizin fəaliyyəti dayandırılıb və yaxın vaxtlarda bu məsələyə də yenidən baxılacaq. Azərbaycan hökumətinin MSŞT-də üzvlükdən çıxmasını doğru addım hesab etmir və bunu ölkənin maraqları baxımından mənfi qiymətləndirirəm” – deyə QHT koalisiyasının üzvü Nəsimi Məmmədli bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun