"Hakimiyyətin bütün səviyyələrində sistematik korrupsiyanın mövcudluğu qalır"

"Hakimiyyətin bütün səviyyələrində sistematik korrupsiyanın mövcudluğu qalır"
6 Mart 2017
Mətni dəyiş
ABŞ Dövlət Depatamentinin hesabatına görə, 2016-cı il ərzində Azərbaycanda çox ciddi işgəncə iddiaları araşdırılmayıb, ölkədə siyasi və dini fəalların həbsi, azad medianın boğulması ilə bağlı məlumatların ardı-arası kəsilməyib.
Dünyada insan haqlarının durumundan bəhs edən hesabat yenicə açıqlanıb. Sənədin Azərbaycanda vəziyyətdən bəhs edən hissəsini ​burada ingilis dilində əldə edə bilərsiniz. 
Hesabata görə, 2016-cı ildə ölkədə əsas insan haqları problemlərinin təbiəti əvvəlki illərdən çox da fərqlənməyib, fəqət bu pozuntuların miqyası bir qədər də genişlənib.
Hökumət təməl azadlıqların məhudlaşdırılmasını davam etdirib. Bunlar - hökumət tərəfindən təhdidlər yolu ilə ifadə, sərbəst toplaşma və təşkilatlanma azadlıqlarının məhdudlaşdırılması, insanların sual doğuran ittihamlarla həbsi, ictimai fəalların, müxalifət nümayəndələri və dini təşkilatların təmsilçilərinin hədəfə alınmasıdır.
Bu da əlavə olunur ki, azadlıqlar üzərinə hücumlara 2006-cı ilədək müstəqil olmuş yeganə yarımmüstəqil telekanalın başğalanması da daxildir. Bu müddətdə müxalifətin aparıcı mətbu orqanının da bağlanmasına səbəb olmuş hərəkətlər edilib. ​
Ədliyyə sistemi və fərqli düşüncənin cəzalandırlması
Hesdabatda deyilir: "Azərbaycan hökuməti fərqli düşüncəni cəzalandırmaq üçün ədliyyə sistemindən istifadə edib, siyasi fəallar məhkəməyə qədərki dövrdə uzun müddətdə həbsxanada saxlanıb, qanunverciliyin tələbləri pozulmaqla mühakimələr aparılıb. Bundan başqa, hakimiyyət belə hallarda vəkillik etmək istəyən və buna qadir olan hüququşünasların sayını azaldıb.
Hakimiyyət təməl azadlıqlarından istifadəyə görə həbs edildikləri düşünülən 17 nəfəri həbsxanadan azad etsə də, bundan daha çox adamı həbs edib. Vətəndaşlara öz hökumətlərini demokratik yolla seçmək imkanı hələ də verilmir."
Sənəd müəllifləri qeyd edirlər ki, aşağı səviyyələrdə rüşvətxorluğun qarşısının alınması üçün davamlı tədbirlər həyata keçirsə də, hakimiyyətin bütün səviyyələrində sistematik korrupsiyanın mövcudluğuna dair iddialar qalır.
Hakimiyyət insan haqları pozuntuları törətmiş rəsmiləri cəzalandırmayıb.
İşgəncə iddiaları araşdırılmır
Hesabatda deyilir ki, insan haqları müdafiəçiləri və media qurumları ötən il ərzində azı dörd işgəncə faktının mövcudluğundan yazıblar, lakin işgəncələrin dəqiq statistikasını verən vahid qurum mövcud deyil.
Məsələn, aprel ayında 37 yaşlı Rəşad Mehdiyevin Sumqayıt şəhər polis idarəsində pis rəftara məruz qaldıqdan sonra dünyasını dəyişidiyi bildirilib. Rəsmi məlumatda onun yıxılaraq təsadüf nəticəsində öldüyü qeyd olunur. Mərhumun yaxınları bu iddiaları rədd ediblər.
N!DA Vətəndaş Hərəkatının fəalı Elgiz Qəhrəman Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıq İdarəsində ətraf aləmlə heç bir əlaqəsi olmadan 6 gün saxlanıb. Onun bu müddətdə işgəncələrə məruz qaldığı iddia olunub.
Dövlət Departamentinin hesabatında “Nardaran məsələsindən” də söhbət açılır və qeyd olunur ki, Taleh Bağırzadə və daha 16 nəfər, yuxarıda adı çəkilən polis qurumunda işgəncələrə məruz qalıblar.
Sənəddə bu da qeyd olunur ki, həbsdə olan N!DA fəalları Bayram Məmmədov vəQiyas İbrahimov onlara işgəncə verildiyini bildiriblər.
Heydər Əliyevin abidəsinə şüar yazdıqlarına görə həbs olunduqları deyilən 2 gəncə qarşı dəyənək və butulkadan istifadə ilə işgəncə verildiyi iddia olunur.
Bu da əlavə edilir ki, onların vəkillə görüşməsinə yalnız narkotik maddə ittihamı üzrə təqsirlərini etiraf etdikdən sonra icazə verilib. Hər iki gənc etirafın onlardan işgəncə ilə alındığını bildiriblər.
Polisin korrupsiyası və siyasi məhbuslar
Hesabatda deyilir ki, rəsmi məlumata görə, həbsxana xidməti 2009-2013-cü illər arasında işgəncə iddialı 334 şikayəti araşdırıb. Bu dövrdə Daxili İşlər Nazirliyinə 984, baş prokurorluğa 678 belə şikayət ərazəsi daxil olub.
Hesabatın rəyinə görə bu rəqəmlər Azərbaycanda içşgəncə iddialarının dərhal, səmərəli və tərəfsiz araşdırılmadığını göstərir.
ABŞ Dövlət Departamentinin hesabatında bildirilir ki, hüquq-mühafizə orqanları zabitlərinin arasında korrupsiya problem olaraq qalır və buna xidmət edən məqamlardan biri də bu sahədə maaşların aşağı olmasıdır.
Bu da xatırladılır ki, Azərbaycan DİN ötən il ərzində 16 əməkdaşına dair 8 korrupsiya iddiası ilə inzibati tədbirlər görsə də, heç bir zabit barəsində cinayət işi açılmayıb.
Hesabatda siyasi məhbuslardan da söz açılır. Qeyd edilir ki, geniş miqyasda siyasi məhbus olduqları düşünülən 14 fərddən başqa, jurnalistlər Rauf Mirqədirov və Xədicə İsmayılova, eləcə də insan haqları müdafiəçisi İntiqam Əliyev də azad ediliblər. Bu 17 nəfərin azad olunmasına baxmayaraq, QHT-lər bildirirlər ki, ölkədə siyasi məhbusların sayı 119-160 arasında olaraq qalır.
Bundan başqa Human Rights Watch insan haqları təşkilatının məlumatına görə ötən ilin sonlarında azı 25 hökumət tənqidçisi məhbəsdə qalırdı.
İnternetin bloklanması
Hesabatın ayrıca bölümündə Amerikanın Səsi, Azadlıq Radiosu saytları və Almaniyada mənzillənmiş müxalif MeydanTV-nin internet səhifələri ötən il ərzində vaxtaşırı bloklandığı bildirlir.
Azadlıq Radiosu və müxalifətin "Azadlıq qəzeti" müvafiq olaraq noyabrın 28-də və dekabrın 2-də saytlarına girişin bloklandığını xəbər verilblər. Həmin günlərdə bu media qurumları parlamentdə təklif olunmuş seçki məcəlləsi düzəlişlərini tənqid edən materiallar vermişdilər.
Bu da qeyd edilir ki, ötən il dekabrın ortalarında Amerikanın Səsi və AzadlıqRadiosunun saytlarına giriş müntəzəm şəkildə blok edilib. Bu bloklanmaların hökumətə bağlı Delta Telecom provayderi ilə əlaqəsi bəlli olub. Delta Telecom Azərbaycanda internetə girişin 90 faizinə nəzarət edir.
Bu hesabat martın 4-də yayılıb. Hələlik orada səslənən məlumatlar və qiymətləndirmələrə Azərbaycandan hər hansı rəsmi reaksiya yoxdur. Amma Bakıda siyasi hakimiyyət bir qayda olaraq insan haqlarına görə tənqidləri rədd edir. Prezident İlham Əliyev də daxil olmaqla ölkə rəhbərliyi hər dəfə beynəlxalq təşkilatlardan bu cür tənqidlər gələndə ölkədə bütün azadlıqların tam təmin olunduğunu, belə hesabatlarla hansısa dairələrin Bakıya təzyiq etmək istədiyini deyirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun