"Hakimiyyət QHT-lərə ayırdığı pulu təzyiq aləti və siyasi maraqları üçün istifadə edir"

"Hakimiyyət QHT-lərə ayırdığı pulu təzyiq aləti və siyasi maraqları üçün istifadə edir"
9 Mart 2017
Mətni dəyiş
"Qeyri-hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılma ideyasını əvvəldən doğru hesab etmirəm".
Abzas.net xəbər verir ki, bu fikirləri Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 94 QHT-nin Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətinə Azərbaycanın MHŞT-da üzvlüyünün saxlanması üçün etdiyi müraciətini şərh edərkən deyib.
MSŞA Koalisiyası Şurasının üzvü Akif Qurbanov vətəndaş cəmiyyətinə dövlət yardımı adı altında əslində QHT-lərin hakimiyyətdən asılı vəziyyətə salındığını bildirib:
"QHT-lərə dövlət dəstəyinə ehtiyac yoxdur, dövlət əslində donor kimi çıxış etmək istəyən sanballı qurumlara maliyyə ayırmalı idi, onlar da QHT-lərin fəaliyyətini stimulə edən gerçək rəqabətli mühit yaradardı. Hökumətin təyinatıyla donor funksiyasi icra ediləndə, axırı da belə olur. Yəni QHT-lərə dövlət dəstəyi yox, QHT-lərin dövlət adıyla, əslində hakimiyyətə dəstəyi təşkil olunur".
"İşin qondarma olduğu açıqca ortada"
Akif Qurbanovun sözlərinə görə, hakimiyyət yardım kimi ayırdığı puldan QHT-lərə təzyiq aləti kimi və öz siyasi maraqları üçün istifadə edir.
"Nəzərə alaq ki, bu donor və onun icraçıları siyasi hakimiyyət təmsilçiləridir. Belə idarəetmə formasını seçməklə də məhz siyasi məqsədlər güddükləri aşikardır. Onlar həm də, təkcə donor menecerləri yox, QHT siyasətinin də icraçılarıdır. Müraciət edənləri bu və ya digər addımlara, yəni nəyəsə imza atdırmağa, hansısa tədbirə qoşulmağa, onun marağına uyğun mövqedən çıxış etməyə vadar edir" - deyə, o bildirib.
Akif Qurbanov onu da qeyd edib ki, Azərbaycanın MHŞT-da üzvlüyünün saxlanması üçün edilən müraciətə imza atanların bir qisminin adları onlardan xəbərsiz siyahıya salınıb:
"Bəzi adamların isə heç xəbəri də olmayıb, sadəcə adını yazıblar, vəssalam. Onlar da ötən illərdə üzləşdikləri problemlərin yenidən qabarmaması üçün sadəcə imtina etmək gücündə deyillər. İmza yığanlar, onların təkzib etmək durumunda olmadıqlarından istifadə edərək adlarını yazıblar. İmzalamadıqlarını təkzib edənlərin olması, həmçinin dünyasını dəyişənin belə siyahıda adının ortaya çıxması, zatən bu işin qondarma olduğunu açıqca ortaya qoydu".
Pulları basıb yeyəndə millət, vətən anlayışı yadlarına belə düşmür
Akif Qubanovun sözlərinə görə, təşkilatçılar bəzi üzvlərin imzasını almaq üçün bir neçə cür spekulyasiya ediblər:
"Bəzi adamları Azərbaycanın taleyi həll olunur və o sizin imzadan asılıdır deyə duyğu sömürgəsi ediblər. Yəni "vətən, millər, Sakarya" hissləri, "ictimai maraq" prinsipləri bunların ancaq marağına uyğun zamanda yada düşür. O da həqiqətən də vətən anlayışına dəyər verən insanları inandırmaq üçün lazım olur. Lakin pulları basıb yeyəndə, adamları həbslə üz-üzə qoyanda millət, vətən anlayışını sanki heç eşitməyiblər kimi yadlarına belə düşmür".
Akif Qurbanovun qeyd edib ki, təşkilatçıların bəzi üzvləri təhdid edilib və alternativ maliyyə mənbəyi olmadığı üçün müraciətə imza atıblar.
Ağına-bozuna baxmadan nə gəldi etməyə hazırdırlar
"Şuraya müraciət edənlərə də çox açıqca mesaj verilib ki, "bilirsiniz də neyləmək lazımdır, əks halda nəticə sizin üçün xoş olmayacq". Bunu deməklə insanlara alternativ maliyyə mənbələrini istifadəyə imkan verilməməsi, onları belə şərtlərdə işləməyə məcbur edir" - deyə, o bildirib.
Akif Qurbanov onu da bildirib ki, imza atanların bəziləri öz mövqelərini müdafiə etmək üçün məntiqli arqument axtarışındadırlar:
"Təbii ki, içlərində mövqeyini dəyişən və bu dəyişimi haqlı göstərmək üçün hər addımı gözü yumlu olsa belə, müdafiə etmək zorunda olanlar da var. Heç də az sayda deyillər. Burada da abır məsələsi böyük rol oynayır. Abırlı olanları, sadəcə müdafiə etmək üçün ağlabatan arqumentlər tapmağa çalışır, digərləri isə ağına-bozuna baxmadan nə gəldi etməyə hazırdırlar, təki günlük nəticə əldə etsin".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun