"Geniş əhali kütlələri böhranın hədəfinə çevrilib"

"Geniş əhali kütlələri böhranın hədəfinə çevrilib"
3 Mart 2017
Mətni dəyiş
Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirib. Toplantıda ölkədəki sosial-siyasi vəziyyət, siyasi məhbus məsələsinin kəskin xarakter alması geniş müzakirə olunub, hakimiyyətin repressiya siyasəti kəskin tənqid edilib. Bu barədə Milli Şuradan verilən məlumatda deyilir.
Məlumatda bildirilir ki, toplantı iştirakçıları əvvəlcə vicdan məhbusu, AXCP sədrinin müavini, “Azadlıq” qəzetinin və “Azərbaycan Saatı” proqramının əməkdaşı, artıq 3-cü ad gününü həbsdə keçirən Seymur Həzini 35 yaşının tamam olması münasibətilə təbrik ediblər. S.Həziyə tezliklə azadlığa çıxmaq, öz siyasi və jurnalist fəaliyyətini davam etdirmək arzu edilib. Çıxışlarda qeyd olunub ki, yetkin bir jurnalist və fədakar vətəndaş olaraq Seymur Həzi məhz, avtoritar Əliyev rejimini tənqid etdiyi, bu rejimin korrupsioner mahiyyətini cəsarətlə ifşa etdiyi, azad sözün və azad düşüncənin təmsilçisi olduğu üçün həbsə atılıb. Koordinasiya Mərkəzinin üzvləri qeyd ediblər ki, S.Həzinin qondarma və gülünc ittihamlarla, siyasi sifariş əsasında həbs edildiyi heç kimə sirr deyil.
Toplantıda Xocalı faciəsinin 25 illiyi də yad olunub və bu müddət ərzində Azərbaycan ərazilərinin işğal altında qalması müzakirə edilərək, ciddi narahatlıq ifadə edilib. Çıxışlarda qeyd olunub ki, 25 il bir ölkənin torpaqlarının digər ölkənin işğalında qalması baxımından uzun tarixi mərhələdir. Bu işğalın nəticələrinin aradan qaldırılması istiqamətində hakimiyyətin bacarıqsızlığı, effektli tədbirlər görə bilməməsi, bəzi hallarda Qarabağ məsələsindən siyasi maraqlar üçün istifadə cəhdləri kəskin tənqid edilib.
Ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlı çıxışlarda isə qeyd edilib ki, hakimiyyətin effektli anti-böhran tədbirlərinin olmaması ölkədə böhrana dağıdıcı xarakter verib, işsizlik kütləvi xarakter alıb, geniş əhali kütlələri böhranın hədəfinə çevrilib. Xüsusilə son günlər pensiya yaşının artırılması ilə bağlı qanunvericiliyə təklif edilən dəyişikliklər kəskin tənqid olunub. Post sovet respublikalarının çoxunda pensiya yaşının qadınlar üçün 57, kişilər üçün 60 yaş həddində olduğu halda Azərbaycan hakimiyyətinin bunu 65 yaşa qaldırmaq cəhdləri xalqa qarşı yönəlmiş addım kimi qiymətləndirilib. Çıxışlarda qeyd olunub ki, BMT-nin məlumatına görə, orta ömrün 70 il ətrafında olduğu bir ölkədə pensiya yaşının 65-ə qaldırılması dövlətin öz sosial öhdəliklərindən imtina, böhranın ağırlığını geniş xalq kütlələrinin üzərinə qoymaq cəhdidir. Milli Şura əhalinin pensiya hüququnun məhdudlaşdırılması ilə bağlı hakimiyyətin xalq əleyhinə yönəlmiş qeyri-hümanist cəhdələrini kəskin şəkildə pisləyir və belə cəhdlərin xalqın onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdıracağını, ölkədə sosial gərginliyi artıracağını bəyan edir.
Toplantıda siyasi məhbuslarla bağlı ağır durum da müzakirə edilib. Naxçıvan Muxtar Respublikasında saxta ittihamla həbs edilmiş 57 yaşlı Zeynalabdin Bağırzadəyə cəzaçəkmə müəssisəsində dəhşətli işgəncə verilməsi faktından həyəcan ifadə olunub. Vurğulanıb ki, Zeynalabdin Bağırzadə yarıçılpaq şəkildə, əlləri, ayaqları bağlanaraq 20 dərəcə şaxtada huşunu itirənə qədər (5 saata yaxın) qarın üstündə saxlanılıb. Yalnız ona görə ki, o, Xalq Cəbhəsi Partiyasının üzvüdür və onun qardaşı, AXCP Naxçıvan təşklitana rəhbərlik edir. Qərara alınıb ki, bu dəhşətli fakt və bütövlükdə siyasi məhbuslara qarşı törədilən digər vəhşiliklər barədə ölkə ictimaiyyətinə, beynəlxalq birliyə və insan hüquqları təşkilatlarına müraciət edilsin.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun