Elgiz Qəhrəmanın məhkəməsi qeyri-müəyyən vaxta təxirə salınıb

Elgiz Qəhrəmanın məhkəməsi qeyri-müəyyən vaxta təxirə salınıb
9 Mart 2017
Mətni dəyiş
Bakı Apellyasiya Məhkəməsində həbsdə olan NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın apellyasiya şikayəti əsasında məhkəmənin bu günə təyin olunan iclası qeyri-müəyyən vaxta təxirə salınıb.
Bu haqda Abzas.net-ə gənc fəalın vəkili Fariz Namazlı məlumat verib. Vəkil bildirib ki, Bakı Ağır Cinayətlər məhkəməsində işə baxılanda tərtib olunan məhkəmə iclası protokolunda şahidlərdən birinin məhkəmə ekspertizası mərkəzinin ekspertinə verdiyi ifadə tam olduğu kimi əks olunmayıb. Ona görə də, o protokola qeydlər verilib, birinci instansiya məhkəməsinə təqdim olunub.
Apellyasiya məhkəməsi işi qaytarıb Ağır Cinayətlər məhkəməsinə ki, həmin qeydlərə yenidən baxılsın.
Qeydlərə baxılandan sonra iş yenidən Apellyasiya Məhkəməsinə qaytarılacaq, baxış davam etdiriləcək.
Dövlət ittihamçısı Rəsul Abbasov da vəsatətə etiraz etməyib.
Məhkəmə vəsatəti təmin edib. Bakı Ağır Cinayətlər Məhkəməsi məsələyə baxıb münasibət bildirənə qədər apellyasiya şikayəti üzrə proses təxirə salınıb.
E.Qəhrəman ötən il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onu bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayaraq, vəkilini yanına buraxmayıblar.
Gənc fəal yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib.
E.Qəhrəman həm özü, həm də fəalı olduğu NİDA Vətəndaş Hərəkatı həbsin siyasi motivlərlə gerçəkləşdiyini bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun