Çimərlik turizminə dair tədbirlər planı təsdiqlənib

Çimərlik turizminə dair tədbirlər planı təsdiqlənib
31 Mart 2017
Mətni dəyiş
Prezident İlham Əliyev bu gün, martın 30-da çimərlik turizminin inkişafı ilə bağlı 2017–2020-ci illərə aid tədbirlər planını təsdiqləyib.
Sənədin imzalanmasında məqsəd Xəzər dənizindən turizmdən ötrü daha səmərəli istifadəni təmin etməkdir. Bundan ötrü Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində yeni çimərliklərın salınması da planlaşdırılır..
AzadlıqRadiosunun məlumatına görə, sənəddə nəzərdə tutulan tədbirlər 6 istiqaməti əhatə edir.
Buna da bax: Hökumət 5 ildə yarış və şoulara nə qədər pul xərcləyib? [Rəylər]
Birinci istiqamət çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsini nəzərdə tutur. Bu tədbirlər sırasına korporativ idarəetmənin və keyfiyyət standartlarının təkmilləşdirilməsi, çimərliklərin mühafizəsi qaydalarını pozanların inzibati məsuliyyətini müəyyən edən qanun layihəsinin hazırlanması daxildir.
Növbəti istiqamət çimərliklərdə infrastrukturun yaradılması və təkmilləşdirilməsi ilə bağlıdır. Sənədə görə, çimərlik operatorları əhalinin ən azı 200 metrdən bir sahilə sərbəst çıxışını təmin edəcək.
Sənəddə çimərlik operatorlarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı ayrıca tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.
Digər istiqamət təhlükəsizlik tədbirləri ilə bağlıdır.
Buna da bax: 2016-ci ildə Gürcüstana gedən turistlərin sayında ciddi artım olub 
Sənəddə göstərilir ki, çimərlik ərazisində təhlükəsizlik tədbirləri barədə müvafiq təlim keçmiş əməkdaşlar olmadıqda, operatorların fəaliyyəti məhdudlaşdırıla biləcək.
Planda çimərliklərə dair informasiya bazasının yaradılması və çimərlik turizminin təşviqi də nəzərdə tutulur.
Tədbirlər planının icrasını Mədəniyyət və Turizm Nazirliyi əlaqələndirməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun