Britaniya mətbuatı: Türkiyə ilə ABŞ-ın söhbəti baş tutmadı

Britaniya mətbuatı: Türkiyə ilə ABŞ-ın söhbəti baş tutmadı
31 Mart 2017
Mətni dəyiş
"Financial Times" yazır ki, ABŞ dövlət katibi Rex Tillerson Türkiyə prezidenti Recep Tayyip Erdoğanla görüşündə Ankaranın Suriya münaqişəsindən tutmuş, ABŞ-da yaşayan Fethullah Gülenin ekstradisiyasına qədər bir sıra narahatlıqlarını aradan qaldıra bilməyib.
Türkiyə rəsmiləri bildirirlər ki, Donald Trump-ın prezident seçilməsinin ardınca Vaşinqtonla münasibətləri təzələməyə çalışan Ankara bu danışıqlardan məyus çıxıb.
Cənab Tillerson iki NATO müttəfiqini bir-birindən aralı salan əsas məsələlərə - ABŞ-ın Türkiyənin gözündə terrorçu olan Suriya kürdlərinə dəstəyi, Ankaranın çevriliş cəhdinin arxasında durmaqda ittiham etdiyi müsəlman vaiz Fethullah Gülen-in ekstradisiyası və nəhayət Türkiyənin dövlət banklarından birinin vəzifəli direktorunun bu həftə New York-da həbs edilməsinə çox zəif reaksiya verib.
Məqalədə deyilir ki, tərəflər arasındakı gərginlik Rex Tillerson-un türkiyəli həmkarı Mevlut Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında da hiss olunurdu.
Çavuşoğlu Ankaranın səbirsizliyini dəfələrlə ifadə etsə də, Tillerson ABŞ-ın Suriya kürdlərinə dəstəyi barədə üç sualdan yayınmağa çalışıb.
ABŞ dövlət katibi nəhayət bu məsələnin "çox mürəkkəb seçim" olduğunu deməklə yaxasını qırağa çəkib.
Tillerson deyib ki, tərəflər onların əllərində olan imkanları müzakirə ediblər.
"Bunlar çox çətin qərarlardır və açığını deyim ki, biz çox çətin seçimlər etməli oluruq" - deyib dövlət katibi.
Qəzet yazır ki, Suriyada İŞİD-lə mübarizədə kürdlərin YPG birləşməsinə dəstək verməklə Vaşinqton Ankaranı çoxdan bəridir ki, qəzəbləndirir.
Türkiyə əslində Suriyaya kürd qruplaşmalarının güclənməsinin qarşısını almaq üçün müdaxilə edib.
Cənab Erdoğan ABŞ-ın YPG-yə dəstəyini dəfələrlə "xəyanət" adlandırıb.
Çavuşoğlu Ankaranın bu narazılğını mətbuat konfransında bir daha dilə gətirib.
"Biz İŞİD-ə qarşı birlikdə döyüşə bilərik. Lakin bir terrorçu qrupla mübarizədə başqa bir terrorçu qrupu dəstəkləmək düzgün deyil. Çox təəssüf ki, belə bir dəstək davam edir" - deyib Çavuşoğlu.
Cənab Tillerson Türkiyənin Raqqanı İŞİD-in əlindən almaq üçün hərbi dəstək təklifini birbaşa rədd etməyib.
Kürdlər isə bildirirlər ki, Raqqa əməliyyatında ABŞ-ın müttəfiqi olduqları şübhəsizdir.
Suriya Demokratik Qüvvələrinin sözçüsü Təlal Sello deyib ki, kürdlər Raqqanın blokadaya alınmasından bəri ABŞ-ın yeganə müttəfiqi olaraq qalırlar.
Sözçü deyib ki, ABŞ kürdlərə Türkiyənin də iştirak təklifini verib.
"Amma biz bu təklifi rədd etdik və axırda bizim mövqeyimiz qəbul olundu" - deyib Sello.
"Financial Times" yazır ki, Amerikanın bu seçimini bilən Türkiyə artıq çərşənbə günü "Fərat qalxanı" əməliyyatının başa çatdığını bəyan edərək Suriyadakı hərbi əməliyyatlarını dayandırıb.
Beləliklə, Türkiyə hazırda kürdlərin nəzarətində olan Mənbic və İŞİD-in nəzarətində olan Raqqa üzərinə hücum ambisiyalarını və Suriyada 5 min kvadrat kilometrlik bufer zonası yaratmaq planlarını da tərk edib.
"Financial Times" yazır ki, YPG Kürdüstan İşçi Partiyası - PKK ilə yaxın münasibətlərə malikdir və PKK həm Vaşinqton, həm də Ankara tərəfindən terrorçu təşkilat kimi tanınır.
Çavuşoğlu habelə 1999-cu ildən bəri Pensilvaniyada yaşayan türk müsəlman vaizi Ferthullah Gülen-in Türkiyəyə təslim edilməsi ricasını bir daha səsləndirib.
Öz növbəsində cənab Gülen Türkiyədə ötən iyul ayında yer almış uğursuz çevriliş cəhdi ilə heç bir əlaqəsi olmadığını söyləyir.
Məqalədə xatırladılır ki, bu həftə həm də Türkiyənin HalkBank bankının direktorlarından Hakan Atilla ABŞ-da həbs edilib. O bir İran-Türkiyə ikili vətəndaşı vasitəsilə İranın ABŞ sanksiyalarından yan keçməsinə yardım göstərməkdə ittiham olunur.
Türkiyə bu həbsin siyasi motivli olduğu qənaətindədir. Çavuşoğlu bildirib ki, bu həbsin arxasında bu yaxınlarda vəzifəsindən uzaqlaşdırılmış ABŞ prokuroru Preet Bharara durur. Türkiyə rəsmisi iddia edir ki, prokuror Fethullah Gülen-in təsiri altına düşüb.
Çavuşoğlu deyib ki, Bharara və Gülen çox yaxın münasibətlərə malik olublar.
Cənab Bharara bu yaxınlarda yazdığı tvitdə Tillerson-un Türkiyəyə səfəri zamanı müxalifətlə görüşməmək qərarını pisləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun