"Ardıcıl 2 dəfə devalvasiya edən valyutaya güvən olmaz" [Ekspertlər]

"Ardıcıl 2 dəfə devalvasiya edən valyutaya güvən olmaz" [Ekspertlər]
27 Mart 2017
Mətni dəyiş
Moody’s beynəlxalq reytinq agentliyi MDB ölkələrində valyuta riskləri və dollarlaşma ilə bağlı hesabat hazırlayıb. 
Hesabatda deyilir ki, Ukrayna, Azərbaycan, Tacikistan və Belarus bankları daha çox xarici valyuta risklərinə məruz qalıb və yüksək dollarlaşmanın (dollarizasiya) hökmranlıq etməsi bank sistemində valyuta uyğunsuzluğu mühiti yaradıb.
Abzas.net məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərlidən açıqlama alıb.
Ekspert deyir ki, Azərbaycanda dollarlaşma çox yüksəkdir. Əmanətlərin az qala 85%-i dollarladır.
[caption id="attachment_5040" align="alignnone" width="1280"] Natiq Cəfərli[/caption]
"Ardıcıl 2 dəfə devalvasiya edən valyutaya güvən olmaz. Ona görə də, insanlar pullarını dollarla saxlayır, banklar manatla kredit verməkdə maraqlı deyillər, əmanətlərin az qala 85%-i dollarladır. Ona görə də, hesabat həqiqətləri əks etdirir" - deyə iqtisadçı bildirib.
Natiq Cəfərli deyir ki, dollarlaşmanın bu həddə çatması Azərbaycan iqtisadiyyatı üçün çox böyük riskdir.
"İnsanların əmanətləri dollarla saxlanıldığından, gələcəkdə yeni bir bahalaşma olacaqsa, pulların geri çəkilməsində problemlər yaşanacaq.  Elə bankların özü də ciddi şəkildə valyuta problemləri yaşayacaqlar" - deyə iqtisadçı ekspert N.Cəfərli bildirib.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Nemət Əliyev isə deyir ki, Azərbaycan hökumətinin xüsusən 2015-2016-cı ildə yürütdükləri yanlış valyuta siyasəti milli valyutamızın ciddi şəkildə dəyərdən düşməsinə səbəb oldu.
Onun sözlərinə görə, hakimiyyət manatın dəyərdən düşməsinin qarşısını qismən də olsa ala bilsəydi, bu bu gün dollarlaşma səviyyəsi bu həddə olmazdı.
"Hökumət obyektiv və subyektiv səbəblərdən manatın dəyərdən düşməsinin qarşısını ciddi şəkildə ala bilmədi. Bundan milli valyutaya güvəni qalmayan əhali haqlı olaraq vəsaitlərini dollarla saxladılar. Eyni addımı maliyyə təşkilatları da atdılar. Əgər hökumət milli valyutanın dəyərdən düşməsini qarşısını qismən də olsa ala bilsəydi, bu gün dollarlarlaşma bu həddə olmayacaqdı" - deyə iqtisadçı ekspert bildirib.
Nemət Əliyev deyir ki, dollarlaşmanın bu həddə çatması Azərbaycan iqtisadiyyatı üçün risklidir.
"İndi banklar demək olar ki, milli valyutayla kreditlər vermirlər. Xarici valyutayla da təklif etdikləri kreditləri heç kim istəmir. Əmanət və depozitlərin həcmi ciddi şəkildə aşağı düşür. Ümumilikdə ölkənin kreditləşməsi prosesi demək olar ki, dayanıb. Odur ki, xalq qarşısında onların rifah halının yüksəldilməsi üçün öhdəlikləri olan şəxslər bunu düşünməli və vəziyyəti düzəltmək üçün ciddi addımlar atmalıdırlar" - deyə iqtisadçı ekspert Nemət Əliyev bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun