Aprel döyüşçüsünün anası Mehriban Əliyevanın qəbuluna düşə bilmir [video]

Aprel döyüşçüsünün anası Mehriban Əliyevanın qəbuluna düşə bilmir [video]
1 Mart 2017
Mətni dəyiş
Döyüşdə həlak olmasından bir ilə yaxın vaxt keçsə də, əsgərə şəhidlik statusu verilməyib
“Əziz analar, mən bir ana kimi sizin qarşınızda baş əyirəm. Siz elə övladlar böyütmüsünüz ki, bu gün bütün xalq onlarla fəxr edir”
2016-cı ilin aprel döyüşlərində həlak olan əsgərlərin ailələri ilə görüşdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva itkilər haqqında danışanda doluxsunurdu. Həmin döyüşlərdə həlak olanlardan biri Rəşid Baxşəliyevdir.
MeydanTV-nin məlumatına görə, Rəşid Baxşəliyevin anası Çimnaz Baxşəliyeva o vaxtdan oğluna şəhidlik statusunun verilmədiyini deyir. Bunun üçün bütün sənədləri hazırdır, amma bir ilə yaxındır Müdafiə Nazirliyi şəhidlik statusunu təsdiq etmir. Qadın hər ay dövlət qurumlarına ayaq döysə də, heç bir cavab almır. Mehriban Əliyevaya yazdığı məktublara da cavab gəlmir.
“Mehriban xanımdan başqa heç nə istəmirəm. Mən demirəm ki, mənə nəsə verilsin. Bir ana kimi Mehriban xanımdan tələbim budur ki, uşağımın şəhidliyi təsdiq olunsun. Başqa heç nə istəmirəm”-Çimnaz Baxşəliyeva deyir.
Mərhum əsgərin atası Əliağa Baxşəliyev şəhidlik adını almağa nail ola bilməsələr vətəndaşlıqdan imtina edəcəklərini bildirir:
“Nail ola bilməsəm, Azərbaycan vətəndaşlığından imtina edəcəm. Belə şəhidlərimizə, övladımıza dəyər verilməyəndən sonra mən burada yaşaya bilmərəm. Ancaq başımı götürüb buradan çıxmalıyam”.
Çimnaz Baxşəliyeva 28 fevralda növbəti dəfə Milli Məclisə gedib, Mehriban Əliyevanın qəbuluna düşməyə çalışıb. Ona deyiblər ki, atəşkəs yenidən pozulduğuna görə Mehriban Əliyevanın qəbulu dayandırılıb.
“Harasa getmək lazımdırsa, deyək, anası Sumqayıta getmək istəyir, mən maşınla getməliyəm, fikirləşirəm ki, o burada olsaydı, o gedərdi. Bacısın həkimə aparmaq lazımdır, mən gedirəm. Fikirləşirəm ki, o burada olsaydı, o gedərdi. Mağazaya durub getmək lazımdır, iki daşın arasında fikirləşirəm ki, o burada olsaydı, o gedərdi... Hər şeydə...”- mərhum əsgər Müşfiq Orucovun atası Arif Orucov oğlunun yoxluğunun necə keçdiyindən danışır.
Mehriban Əliyevanın şəhid ailələri ilə görüşündə aprel döyüşlərində həlak olan Müşfiq Orucovun anası da olub. Ailə üzvləri deyir ki, xanım Əliyeva şəhidlərin adının əbədiləşdiriləcəyinə söz verib. O vaxtdan Orucovlar ailəsi oğlanlarının adının oxuduğu məktəbə verilməsini istəyiblər. Amma bu, baş tutmayıb.
“Mehriban xanım özü demişdi ki, şəhidlərin adı əbədiləşdiriləcək. Lakin o deyilənlər elə deyildiyi yerdə də qaldı. Mən bir neçə yerə müraciət elədim ki, oğlumun adı öz oxuduğu məktəbə verilsin. Məktəb müəllimləri, direktor da qol çəkmişdi ki, bu, lazımdır. Mən yazılı şəkildə icra hakimiyyətinə müraciət elədim. İcra Hakimiyyəti öz növbəsində Nazirlər Kabinetinə müraciət elədi. Onlar bildirdilər ki, 1992-ci ildə qanun qəbul olunub. Şəhidin ya iki medalı olmalıdır, ya milli qəhrəman olmalıdır, bundan sonra onun adı əbədiləşdirilə bilər”.
Rəşid Baxşəliyevə şəhidlik statusunun verilməməsi ilə bağlı Müdafiə Nazirliyinə zəng etsək də, onlarla əlaqə yaratmaq mümkün olmadı.
Nazirlik 2016-cı ilin aprel döyüşlərində 31 nəfərin şəhid olduğunu açıqlayıb. Amma "Xəzər" Hərbi Tədqiqatlar İnstitutu 93 nəfər hərbi qulluqçunun döyüşlərdə həlak olduğunu bildirib.
https://www.youtube.com/watch?v=eCKDa0wBgzw

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun