"Air Arabia" Bakıya ilk uçuşunu həyata keçirib

"Air Arabia" Bakıya ilk uçuşunu həyata keçirib
16 Mart 2017
Mətni dəyiş
Orta Şərqin və Şimali Afrikanın ilk, eyni zamanda ən böyük aşağı büdcəli aviaşirkəti "Air Arabia" bu gün səhər saatlarında Bakıya ilk aviareysini həyata keçirib.
APA xəbər verir ki, aviareysin ilk sərnişinləri arasında "Air Arabia" şirkətinin rəhbəri Şeyx Abdulla Bin Məhəmməd əl-Taninin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri, o cümlədən Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) və BƏƏ-nin Bakıdakı səfirliklərinin əməkdaşları da olub.
Ümumilikdə, ilk reysdən 120 sərnişin istifadə edib.
İlk aviareys BƏƏ vaxtilə 09:00-da Şarja Beynəlxalq Hava Limanından həyata keçirilib. Bakıda sərnişinlər ənənəvi su fəvvarəsi qurşağı ilə qarşılanıb.
İlk aviareyslə bağlı rəsmi tədbir təşkil olunub və tədbir iki gün davam edəcək.
Azərbaycan hökumətinin turizm sektorunun inkişafına önəm verdiyini qeyd edən "Air Arabia" aviaşirkətinin baş icraçı direktoru Adil əl Əli bildirib ki, yeni marşrut bu sahənin inkişafına öz töhfəsini verəcək.
Qeyd edək ki, "Air Arabia" bu istiqamətdə uçuşları həftədə 4 dəfə və 2 uçuş vaxtı tezliyi ilə yerinə yetirəcək. Cümə axşamı və bazar günləri uçuş Bakının Heydər Əliyev Beynəlxalq hava Limanından səhər saat 11:30-da qalxan təyyarə Şarja Beynəlxalq Hava Limanına yerli vaxtla 14:10-da enəcək. Əks istiqamətdə uçuşlara gəlincə, cümə axşamı və bazar günü BƏƏ vaxtilə 07:55-də qalxan təyyarə Bakıya 10:55-də eniş edəcək. Çərşənbə axşamı və şənbə Bakıdan 17:55-də qalxan təyyarə Şarjaya yerli vaxtla 20:35-də çatacaq. Şarjadan əks istiqamətdə uçuşlar 14:20-də həyata keçiriləcək və təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına Bakı vaxtilə 17:15-də çatacaq.
Birləşmiş Ərəb Əmirliklərinin turistlər üçün ekzotik çimərliklər massivi, ticarət mərkəzləri və müasir memarlıq təqdim edir. “Air Arabia” aviaşirkətinin əsas bazasının yerləşdiyi Şarja Dubay şəhəri ilə qonşuluqda yerləşməklə, BƏƏ-də əmiliyin üçüncü ən böyük şəhəridir. Şarja öz mədəniyyəti, muzeyləri və təbii çimərlikləri ilə məşhurdur. UNESCO Şarjanı 1989-cu ildə "Ərəb dünyasının mədəniyyət paytaxtı" adlandırıb.
“Air Arabia” aviaşirkəti hazırda Uzaq Şərq və Şimali Afrikada beş əməliyyat mərkəzi ilə 33 ölkənin 124 nöqtəsinə uçuşlar icra etməkdədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun