ABŞ-da Rusiya səfirliyi qarşısındakı meydana Nemtsovun adı verilə bilər

ABŞ-da Rusiya səfirliyi qarşısındakı meydana Nemtsovun adı verilə bilər
2 Mart 2017
Mətni dəyiş
Florida ştatından ABŞ senatoru Marko Rubio Rusiyanın Vaşinqtondakı səfirliyi qarşısındakı ərazinin Boris Nemtsov Meydanı adlandırılması barədə təşəbbüslə çıxış edib.
2016-cı il ABŞ prezidentliyi uğrunda yarışlarda iştirak edən Rubio təklifi Rusiyanın müxalifət lideri Nemtsovun qətlinin ikinci ildönümü irəli sürüb.
Təklifə əsasən bu ad səfirliyin girişindəki böyük meydana verilməlidir. Beləliklə Amerika xalqı Rusiya prezidenti Vladimir Putinin zorakılıqlarına dair xəbərdar edilmiş olacaq.
“Boris Nemtsov Meydanı Putin regimi və Rusiya xalqına yaşayan dissident səsləri, azadlıq müdafiəçilərinin susdurulmayacağına dair daimi xəbərdarlıq simvolu olacaq”- deyə Rubionun bəyanatında deyilir.
Senator deyib ki, küçə ünvanı və bu ünvana gələn minlərlə məktub Kremlə dissidentlərin qorxudulması və qətlinin diqqətsiz qalmayacağına işarə olacaq.
Fevralın 26-da paytaxt Vaşinqtonda Boris Nemtsovun anım aksiyasının təşkilində “Açıq Rusiya” hərəkatının koordinatoru Vladimir Qara-Murzanın rolu böyük olub.
Müxalifətçi Facebook səhifəsində senator Rubioya təşəkkürünü bildirib.
“Bu təşəbbüsün presedenti var: 1984-cü ildə Senatın qətnaməsi ilə o zamanı SSRİ səfirliyi önündəki əraziyə Andrey Saxarov adı verilmişdi. SSRİ-nin xarici İşlər Nazirliyinin qəzəbindən söz açmağa dəyərmi? 90-cı illərdə yeni Rusiyanın rəhbərləri Saxarovun büstünü həmin binadakı səfirliyə yerləşdirmişdi” – deyə Qara-Murza yazıb.
ABŞ-ın Rusiyadakı səfiri Con Tefft Nemtsovun öldürüldüyü yeri ziyarət edib. ABŞ-ın Dövlət Departamenti onun xatirəsinə xüsusi bəyanatla çıxış edib.
ABŞ paytaxtında keçirilən mərasimə demokrat senator Ben Kardin də qatılıb. Maqnitski qanununun təşəbbüskarlarından biri olan Kardin Nemtsovu cəsarət və Rusiyada fundamental hüquqların müdafiəsinin timsalı adlandırıb.
“Rusiyanın sabiq vitse-baş naziri və Putinin tənqidçisinin ölümünün daha bir ildönümü qanunsuzluqlara qarşı mübarizənin genişləndirilməsinə nümunədir“- deyə Kardin sözünə davam edib.
Nemtsovun anım mərasimləri Vaşinqtondan başqa Nyu-York və Sаn-Fransisko kimi bir neçə şəhərdə təşkil edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun