"Abidənin sökülməsinə görə iş icraçısını cəzalandırmaq gülüncdür"

"Abidənin sökülməsinə görə iş icraçısını cəzalandırmaq gülüncdür"
2 Mart 2017
Mətni dəyiş
“Görkəmli şair, Stalin repressiyanın qurbanının abidəsinin sökülməsinə görə iş icraçısının cəzalandırılması qatarların toqquşmasına görə şlaqbaumu günahlandırmaq kimi bir şeydir”, - Tarixi-mədəni irsin qorunması üzrə İctimai Nəzarət Komitəsinin koordinatoru Aytəkin İmranova Mikayıl Müşfiqin postamentinin sökülməsi ilə bağlı Turan-a bildirib.
O deyib ki, abidənin sökülməsi barədə qərarı iş icraçısı qəbul edə bilməz. O, ancaq icraçıdır. Bu barədə qərar qəbul edən orqanlar və abidələrin qorunmasına nəzarət edən qurum cəzalandırılmalıdır.
A.İmranova qeyd edib ki, abidə müəllifin yaratdığı forma və stildə yerinə qaytarılmalıdır.
“Abidənin yerinin, forma və stilinin dəyişdirilməsi yolverilməzdir. Abidə tarixdir və müəllif təxəyyülünün məhsuludur. Müəllif hüquqlarının pozulması anlayışı var. Abidənin qoyulduğu yer tarixi və ideoloji məzmuna malikdir”, - o bildirib.
A.İmranovanın sözlərinə görə, son illər Bakıda məhəllələrin sökülməsi zamanı bir çox tarixi, memarlıq və dini abidələr dağıdılıb.
“Dağıdılmış abidələr turizm industriyası üçün əvəzsiz olub. Ölkədə tarixə, memarlığa, dinə, ətraf mühitə münasibət dəyişməlidir. Abidə ən azı mənəvi dəyərdir.  Abidələrə Avropada olduğu kimi, iqtisadi maraqlardan üstün dəyərlər kimi yanaşılmalıdır. Dövlət və cəmiyyət bunu başa düşməlidir”, - ekspert vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun