158 dövlət əmlakı hərraca çıxarılıb

158 dövlət əmlakı hərraca çıxarılıb
13 Mart 2017
Mətni dəyiş
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 aprel tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.
Komitədən Abzas.net-ə verilən məlumata görə, hərraca ümumilikdə 158 dövlət əmlakı olmaqla 20 səhmdar cəmiyyəti, 96 kiçik dövlət müəssisə və obyekti, 36 istifadəsiz qeyri-yaşayış sahəsi və 6 nəqliyyat vasitəsi çıxarılıb.
Hərraca 96 kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə çıxarılıb. Belə ki, elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Sumqayıt, Şəki şəhəri, habelə Saatlı, Mingəçevir, Ucar, Şirvan, Sabirabad, Şəmkir, Zaqatala və digər rayonlarında yerləşir.
Hərraca çıxarılan müəssisələr sırasında Bakı şəhərində yerləşən “İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" MMC, Suraxanı rayonunda yerləşən Suraxanı rayon 9 saylı Stomatoloji Poliklinika, Şirvan şəhərində yerləşən Reduktorların Təmiri Sexi, Şəmkir rayonunda yerləşən Şəmkir Balıq Zavodu kimi müəssisələr var.
Paytaxtda hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək start qiyməti Bakı şəhəri Sabunçu rayonunda yerləşən yardımçı təsərrüfatdır. Bununla belə, 900 min manata təklif olunan müəssisənin ümumi faydalı sahəsi 2 707,3 kv.metr, ümumi torpaq sahəsi isə 60 011 kv.metrdir.
Regionlarda isə ən yüksək start qiyməti 990 min manata təklif olunan Balakən şəhərində yerləşən əmlak kompleksinə aiddir. Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 967 min manata paytaxtın Nizami rayonunda yerləşən "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" MMC, 716 min manata Bakının Suraxanı rayonundakı Suraxanı rayon 9 saylı Stomatoloji Poliklinikası”, 275 min manata Sumqayıtda yerləşən “Dalğa” Kiçik Müəssisəsi, 485 min manata Şəkidə yerləşən Barama Toxumu Zavodu da var.
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 35-i paytaxtda, qalan 1-i isə Mingəçevir rayonunda yerləşir. Ən yüksək ilkin satış qiyməti ilə hərraca çıxarılan qeyri-yaşayış sahəsi paytaxtın Səbail rayonunda yerləşir. Belə ki, bu əmlak 600 min manat start qiyməti ilə hərraca çıxarılıb.
Budəfəki hərracda 20 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45%-i özəlləşməyə çıxarılıb. Bu səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Azinterservis”, “Bərdə Kərpic”, “Kürdəmir Kəndkimya Təchizat”, “Bərdə Yun”, “Tərtər Konserv”, “Şəki Tikinti-Quraşdırma” kimi səhmdar cəmiyyətlər var.
Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun