"Yerli benzinin bahalaşmasına zəmin yaradılır"

"Yerli benzinin bahalaşmasına zəmin yaradılır"
2 Fevral 2017
Mətni dəyiş
"İdxal olunan benzinin qiymətini artırmaqla, yerli istehsalın bahalaşmasına zəmin yaradılır".
Turan-ın məlumatınsa görə, iqtisadçı Qubad İbadoğlu ötən gecə idxal edilən benzin növlərinin qiymətinin artırılması barədə şərhində belə qeyd edib.
İqtisadçı diqqəti idxal olunan benzinlə yerli istehsal olunan benzinin qiymətləri arasında ciddi fərqin yaranmasına çəkib.
“Bahalaşmadan sonra Azərbaycana idxal olunan “premium” markalı benzin 1 manat 15 qəpik , “Super” markalı benzin isə 1 manat 20 qəpik olub. Son artımdan sonra idxal olunan benzinin 1 litrinin pərakəndə satış qiyməti ilə yerli istehsal arasında fərq xeyli çoxalıb. “Super” markalı idxal benzinin qiyməti yerli istehsal olan dizel yanacağının qiymətindən 2 dəfə, A-92 markalı benzinin qiymətindən isə 1,71 dəfə yüksəkdir. Eyni zamanda manatın ucuzlaşması davam etdikcə bu fərq daha da yüksələcək”.
Ekspert hesab edir ki, bu amil yaxın zamanlarda inhisarçı şirkət tərəfindən istehsal etdiyi məhsulun qiymətinin artırılması məqsədilə Tarif Şurasına müraciət üçün yeni əsaslar yaradacaq.
“İnhisarçı şirkətin idxal benzinin bahalaşmasından sonra A-92 benzinə tələbatın artdığını əsas götürməklə, yerli istehsal olan A-92, dizel, LPC markalı yanacağın qiymətini bahalaşdıracağı ehtimalı böyükdür. Bununla yanaşı, son günlər manatın dollara nisbətən sürətlə ucuzlaşması, yerli yanacaq istehsalının dollar ifadəsində cari qiymətlərinin qonşu ölkələrlə müqayisədə aşağı düşməsinə və onlar arasında fərqin artmasına şərait yaradır. Beləliklə, ölkələrarası müqayisə də qiymətin bahalaşmasına əlavə arqumentlər yaradır. Odur ki, yaxın zamanlarda bütün növ markada olan benzinin qiymət bahalaşması gözləniləndir”, ekspert deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun