Vladimir Putin barədə yayılmış 7 mif

Vladimir Putin barədə yayılmış 7 mif
27 Fevral 2017
Mətni dəyiş
ABŞ-da Donal Trump-ın prezident seçilməsində Rusiyanın rolu putinologiyaya marağı artırdı
Britaniyanın "The Guardian" qəzeti yazır ki, Putin hər yerdədir. Onun əsgərləri Ukrayna və Suriyada, araqarışdıranları Baltika və Finlandiyada, barmağı isə Çexiya və Fransadan tutmuş ABŞ-a qədər bir çox ölkənin seçkilərindədir. Media da ondan danışır. Elə bir gün yoxdur ki, dünya mətbuatında Putin haqda böyük bir yazı çıxmasın.
Qəzetin yazdığına görə, Putin və onun motivlərindən söz açan şərh və təhlillərin məhsulu olan putinologiya yeni deyil. O, ən azı, 10 ildir ki, var.
Belə məlum olur ki, putinoloqlar Putin haqqında bir-birindən fərqli yeddi hipotez irəli sürürlər. Onların heç biri tamamilə yanlış, yaxud tamamilə doğru deyil.
1-ci nəzəriyyə: Putin dahidir
Putin Krımı, az qala, bir güllə belə atmadan ilhaq edib. Olsa-olsa, bir-iki kiçik sanksiya ilə canını qurtarıb. Putin Suriya prezidenti Bashar Assad-ı müdafiə etməkdən ötrü Suriya münaqişəsinə müdaxilə edib. ABŞ, Türkiyə və Səudiyyə Ərəbistanının illərlə üsyançıları dəstəkləməsindən sonra o, müharibənin gedişatını dəyişdirib. Putin sağçı avroskeptikləri və imkan olduqca həm də solçu avroskeptikləri maliyyələşdirərək II Dünya müharibəsindən sonra formalaşmış dünya düzənini pozmağa nail olub. Bu düzənin yerində yaranan münasibətlərin çoxunda isə Rusiya dominant partnyor ola bilir.
Putin ABŞ-da prezident seçkilərinə müdaxilə edərək özünə lazım olan adamın Ağ Evdə oturmasına nail olub.
Putin ölkə daxilində, demək olar, bütün müxalifəti susdurub. Liberallar “Facebook”da deyinir və mühacirət edir. Putin-ə tam faşist siyasət yürütmədiyinə görə nifrət edən ifrat sağçılarsa ciddi nəzarət altında saxlanır. Psevdosolçu Kommunist Partiyasının simasında sosialist solu isə o qədər kiçikdir ki, Putin-in özü belə onları görməyə çətinlik çəkir.
 
2-ci nəzəriyyə: Putin heç nədir
Putin rus xalqına təqdim ediləndə Yeltsin-in yanında bapbalaca idi. İlk vaxtlarda o, Rusiyada demokratiyanı müdafiə edəcəyinə söz verirdi.
Putin-i hələ Peterburqdan tanıyan, sonradan ona qarşı çıxan şəxslərdən biri deyirdi: "O, tamamilə orta bir adam idi. Onun səsi də orta idi, nə alçaq, nə yüksək. O, ortabab şəxsiyyətə sahib idi. Orta ağıllı, çox da yüksək zəkaya sahib olmayan. Siz Rusiyada küçədə eynilə Putin kimi olan minlərlə insan tapa bilərsiniz".
Putin-in özü də müsahibələrində öz keçmişi haqqında təqribən elə bunları deyir. Keçmişdə bəxtinin çox da gətirməməsindən, maliyyə çətinliklərindən danışıb. Onun zarafatları belə keçmiş SSRİ-də mənsub olduğu nəslin bildiyi adi zarafatlardır. Putin-in bir müddət xaricdə işləməsində belə qeyri-adi bir şey yoxdur. KQB, sadəcə, qısa müddətə onu Drezdenə ezam edib.
Ancaq həm də Putin Donald Trump-la görüşəndə, bu, artıq onun vaxtına düşmüş dördüncü ABŞ prezidenti olacaq. Putin Britaniyada bir neçə baş naziri, Fransanın iki prezidentini və bir Almaniya kanslerini yola salıb.
3-cü nəzəriyyə: Putin insult keçirib
Putinologiyanın bu nəzəriyyəsi hələ 2005-ci ildə populyarlaşmışdı. "The Atlantic" jurnalında çıxmış “Təsadüfi avtokrat" adlı məqalədə Roda-Aylənddə yerləşən Hərbi Dəniz Kollecində çalışan alim Brenda L Connors-dan sitat gətirilirdi. Connors Putin-in hərəkətlərini araşdıraraq belə nəticəyə gəlmişdi ki, rus lideri anadangəlmə nevroloji qüsura malikdir və bəlkə də ana bətnində parez keçirib. Buna görə də o, danışanda sol əli sağ əlindən daha çox yellənir. Connors "The Atlantic"ə deyib ki, böyük ehtimalla, Putin körpəlikdə heç iməkləməyib və indi də o, "balıq, yaxud sürünən kimi" tam bədəni ilə hərəkət edir.
4-cü nəzəriyyə: Putin KQB agentidir
ABŞ-ın keçmiş vitse-prezidenti Dick Cheney hər dəfə Putin-i görəndə adamlara belə deyirmiş: “Məncə, KQB, KQB, KQB.”
Putin insanlarla xoş davrananda da bunu KQB agenti olduğuna görə edir, onları manipulyasiya etmək üçün. O, insanlarla pis davrananda, məsələn, itlərdən qorxan Almaniya kansleri Angela Merkel-i özünün Labrador cinsindən olan qara iti ilə tanış edəndə də bunu məhz KQB agenti olduğuna görə edir.
Ancaq həm də "KQB" damğasının Qərbdə başqa mənası var. Qərbdə "KQB" SSRİ deməkdir. Başqa sözlə, Putin-ə həm də sovet revanşisti kimi baxılır.
5-ci nəzəriyyə: Putin qatildir
Putin soyuq, qansız üzə, ifadəsiz baxışlara malikdir. O, güclə gülümsəyir. O, keçmiş FSB (Rusiyanın Federal Təhlükəsizlik Xidməti – red.) əməkdaşı Litvinenko-nu Londonda yüksək dozada poloniumla şüalandıraraq öldürtdürüb. Jurnalist Anna Politkovskaya evinin qarşısında güllələnib. 2015-ci ildə baş nazirin keçmiş müavini Boris Nemtsov Moskvada öldürülüb. Bu məsələlərdə Çeçenistan rəhbəri Ramzan Kadyrov-un Putin-in sağ əli olduğu deyilir.
Məqalədə deyilir ki, bu mövqedən yanaşılsa, Rusiya nə hökumətin gücsüz olduğu uğursuz dövlət, nə də totalitar dövlətdir. O, bunların ikisinin arasındadır. Yəni Putin qətlləri sifariş etmir, ancaq qətllər baş verir. Yaxud Putin Şərqi Ukraynaya müdaxilə əmri vermir, ancaq müdaxilə baş verir.
6-cı nəzəriyyə: Putin kleptokratdır
Mətbuatın Çeçenistanın qənimi, Litvinenko-nun qatili, Gürcüstanın düşməni adlandırdığı Putin antikorrupsiya fəalı Alexei Navalny-nın sayəsində yeni adlar qazandı. Navalny Putinin "Vahid Rusiya" partiyasını "fırıldaqçılar və oğrular partiyası" adlandırmışdı. Bundan sonra putinologiyanın gözündə Putin dəhşətli bədheybət yox, adi bir oğru idi.
7-ci nəzəriyyə: Putin-in Vladimir adı daşıması təsadüf deyil
Bir nüfuzlu Avropa nəşrinin bu yaxınlarda dərc etdiyi məqalədə deyilir ki, kommunizmin süqutu hələ Rusiyanın Avropada sabitliyi pozmaq iddialarından əl çəkməsi demək deyil. Məqalədə deyilir ki, keçmiş KQB agenti Putin-in Vladimir Lenin-in (Rusiya kommunist inqilabçısı, siyasətçi – red.) adını daşıması təsadüf deyil.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun