Ukrayna Trump administrasiyasının dəstəyinə ümid edir

Ukrayna Trump administrasiyasının dəstəyinə ümid edir
2 Fevral 2017
Mətni dəyiş
Bazar günündən başlanan atışma Ukraynada 10-dan çox adamın ölümünə səbəb oldu, onlarla yaralı var. Münaqişə ölkənin şərqində, Avdeyevka və separatçıların nəzarətində olan Donetsk ətrafında qızışıb. Avdeyevka rəhbərliyi şəhərin humanitar fəlakətlə üzləşdiyini deyib.
AzadlıqRadiosu-nun məlumatına görə, Donetskdəki qiyamçılar şəhəri "Qrad"ardan atəşə tutub, döyüşlər əraziyə göndərilən humanitar yardımın yolunu kəsib.
Münaqişəni hansı tərəfin alovlandırdığı bəlli deyil. Kiyev separatçıların arxalandığı Moskvanı, Moskva isə Kiyevi ittiham etməkdədir.
GÖZLƏR TRUMP-DA
"CBSNews" bu arada gözlərin D.Trump administrasiyasına dikildiyini, yeni rəhbərliyin necə təpki göstərəcəyinin maraqla izləndiyini yazır. Çünki D.Trump seçki kampaniyası zamanı ruslarla münasibəti yoluna qoyacağına söz vermiş, Krım məsələsinə yenidən baxacağını söyləmişdi. "ABC News"a müsahibəsində D.Trump demişdi ki, onun eşitdiyinə görə, krımlılar Ukraynadansa Rusiyanın tərkibində olmağa üstünlük verirlər, ona görə də məsələyə yenidən baxmalıdır. Sonucda onun qalibiyyəti ölkənin gələcəyindən qorxan Ukrayna siyasətçilərini məyus etmişdi.
Amma D.Trump administrasiyası, deyəsən, Ukraynanı müdafiə etdi. Dünən – fevralın 1-də Nyu-Yorkda keçirdiyi mətbuat konfransında Ukraynanın BMT-dəki təmsilçisi Volodymyr Yelchenko deyib ki, ABŞ onların ərazi bütövlüyünü tam dəstəkləyir və Rusiyanın Krımı ilhaq etməsiylə heç vaxt razılaşmayacaq.
Vaşinqtonun Ukraynayla bağlı mövqeyini V.Yelchenko-ya ABŞ-ın BMT-dəki səfiri Nikki Haley çatdırıb. Onlar Nyu-Yorkda görüşüblər və V.Yelchenko-nun dediyinə görə, ABŞ təmsilçisinin Ukrayna haqda dedikləri onu tam razı salıb. O, ABŞ-ın Rusiyayla münasibətlərini yoluna qoysa belə, bunu Ukraynanın hesabına etməyəcəyinə əminliyini vurğulayıb.
İki il öncə əldə edilən Minsk razılaşması Ukrayna və Rusiyanın münaqişə bölgəsindəki ağır silahlarını geri çəkməsini, məsələni sülh yoluyla həll etməsini nəzərdə tutur. Ancaq atəşkəsə heç vaxt tam əməl olunmur, separatçılarla cəbhə xəttində ara-sıra atışmalar baş verirdi.
VAŞİNQTONA İSMARIŞ
İndi isə münaqişəni, Moskvanın dediyinə görə, Kiyev, həm də bilərəkdən qızışdırıb. Rusiya prezidenti Vladimir Putin-in xarici məsələlər üzrə müşaviri Yury Ushakov deyir ki, Kiyevin məqsədi Minsk anlaşmasından imtina etməyə bəhanə tapmaqdır.
Amma "CBS News" yazır ki, Moskva separatçıların gücünü göstərməklə Vaşinqtona ismarış göndərir, regionda nüfuzunu saxladığını, Ukraynada sülh istəyənlərin Moskvaya güzəştə getməli olduğunu bildirmək istəyir.
Kremlin sözçüsü Dmitry Peskov isə deyib ki, münaqişənin qızışması Rusiyayla Amerika arasında dialoqun tezliklə bərpası üçün bəhanə ola bilər.
NATO-nun baş katibi Jens Stoltenberg-in sözlərinə görə isə, son bir neçə gündə Ukraynanın şərqində atəşkəs azı 5 min 600 dəfə pozulub. Elektrik enerjisinin kəsilməsi soyuqda 20 min adamı işıqsız qoyub. J.Stoltenberg Rusiyanı separatçılar üzərindəki nüfuzundan istifadə etməyə, atəşi dayandırmağa çağırıb.
54% NATO İSTƏYİR
"CBS News" bildirir ki, dünən – fevralın 1-də atışma dayanıb, tərəflər elektrik enerjisi və su təminatını bərpa etmək barədə razılığa gəliblər.
Bu tərəfdən Ukrayna prezidenti Petro Poroshenko ölkəsinin NATO-ya qoşulması məsələsini səsverməyə çıxarmağa hazırlaşdığını bəyan edib: "4 il öncə Ukraynada əhalinin cəmi 16%-i ölkənin NATO-ya qəbul edilməsini istəyirdi, indi bu göstərici 54%-ə çatıb… Prezident olaraq, mən xalqımın baxışlarına uyğun hərəkət etməliyəm. Buna görə də NATO-ya üzvlük məsələsini referenduma çıxaracağam".
P.Poroshenko xalq səs verərsə, ölkəsinin transatlantik alyansa qoşulmasından ötrü əlindən gələni edəcəyinə söz verib.
Ukrayna NATO ilə 1990-cı illərdən əməkdaşlıq edir. Ancaq üzvlük, politoloqların fikrincə, Rusiyayla gərginliyi artıra bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun