"Tufan" zirehli maşının təqdimatı keçirilib

"Tufan" zirehli maşının təqdimatı keçirilib
14 Fevral 2017
Mətni dəyiş
Fevralın 14-də Müdafiə Sənayesi Nazirliyi (MSN) "Tufan" ilk yerli zirehli nəqliyyat vasitəsinin təqdimatını keçirib.
Xəbəri AZƏRTAC yayıb.
Xəbərə görə, zirehli maşının təqdimatı "Aqreqat" İstehsalat Birliyinin Bakı Cihazqayırma zavodunda keçirilib. Bu maşının müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradıldığı və minaya davamlı olduğu bildirilir.
Təqdimat mərasimində çıxış edən müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov nəqliyyat vasitəsinin təcrübə-sınaq nümunəsinin Milli Aerokosmik Agentliyində hazırlandığını bildirib. Nəqliyyat vasitəsi döyüş şəraitində yerləşən şəxsi heyəti daşımaqdan ötrü nəzərdə tutulub.
Verilən məlumata görə, maşın NATO-nun "STANAG 4569" standartının üçüncü səviyyəsinin tələbinə uyğun daşınan şəxsi heyəti məhvedici təsirlərindən qoruyur.
Milli Aerokosmik Agentliyin baş direktoru Alçın Şirinzadə deyib ki, avtomaşın məsafədən idarə olunan xüsusi döyüş modulu, tank əleyhinə idarə edilən raket kompleksi, radioelektron mübarizə və kəşfiyyat avadanlığı ilə təchiz edilib.
Onun deməsinə görə, nəqliyyat vasitəsi kəskin yoxuşlarda, enişlərdə və su xəndəkləri olan yerlərdə rahat hərəkət etmək qabiliyyətinə malikdir. Onun üzərində quraşdırılan döyüş modulu 12.7 millimetrlik iriçaplı pulemyotla təchiz edilib.
Cari ildə keçiriləcək sınaqlardan sonra tibbi yardım, radioelektron mübarizə, polis və kəşfiyyat versiyalarında belə maşınların yaradılması nəzərdə tutulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun