Trump-ın baş strateqi “leninçi”dir?

Trump-ın baş strateqi “leninçi”dir?
5 Fevral 2017
Mətni dəyiş
Tanınmış jurnalist Jonathan Freedland "The Observer" qəzetində yazır ki, "Donald Trump kitab oxumur. Əvəzində bu işlə Trump-ın bayağı taxt-tacının arxasındakı əsl qüvvə olduğu deyilən baş strateqi Steve Bannon məşğuldur..."
Jurnalist belə bir sual verir: Görəsən, Trump-ın müdafiə nazirini belə daxil etmədiyi Milli Təhlükəsizlik Şurasının bu ziddiyyətli üzvü nə kimi kitablar oxuyur?
"Time" jurnalının yazdığına görə onun stolüstü kitablarının siyasında birinci yerdə "Dördüncü dönüş" (The Fourth Turning) adlı kitab gəlir. Bu həmin kitabdır ki, insan tarixinin hər 80-100 ildən bir zorakı təlatüm yaşadığına inanır. Elə bir təlatüm ki, hər şey uçub dağılır…
Kitaba görə Amerika üç belə təlatümdən keçib: Birincisi 1783-cü ildə inqilabi müharibənin bitməsi ilə başa çatıb. İkincisi 1860-cı illərdəki vətəndaş müharibəsidir. Üçüncü təlatütüm 1940-cı illərə - İkinci Dünya Müharibəsinə təsadüf etdiyi deyilir. Bannon-un oxuduğu bu kitaba görə Amerika hazırda dördüncü təlatümün qapısındadır.
Məqalədə deyilir ki, fikir verdinizsə adı çəkilən təlatümlərin hamısında dəhşətlıi müharibələr olub, amma ifrat sağ təmayüllü Breibart portalının keçmiş redaktoru üçün müharibədən qorxmaq yox, ləzzət almaq lazımdır. "Biz müharibədəyik" - Bannonun dilindən düşməyən şüar belədir. İstər cihada qarşı olsun, istərsə də Çinlə müharibə - fərqi yoxdur.
Freedland yazır ki, Trump-ın ötən həftəsonu hay-küyə səbəb olmuş miqrant qadağanının da arxasında duran Bannon bu barədə heç Amerika hökumətinin başqa üzvləri ilə məsləhətləşmək əziyyətini də çəkməyib.
Bannon üçün ən əsası şok yaradan hadisənin törənməsidir. O 2013-cü ildə bir jurnalistə özünün "leninçi" olduğunu demişdi: "Lenin dövləti dağıtmaq istəyirdi, mənim də məqsədim budur. Məh hər şeyi yerlə yeksan etmək istəyirəm".
Məqalədə deyilir ki, belə şeylər insanları qorxudur. Bəzi məlumatlara görə superzənginlər artıq "Axirətə davamlı" bunker axtarışına çıxıblar.
Freedland yazır ki, bütün bunlar mübaliğə kimi səslənə bilər. Amma bunlar baş verirsə, deməli 1945-ci ildən bəri min bir əzab-əziyyətlə tikilimiş beynəlxalq nizam dağıla bilər. Bu nizam son 80 ildə dünya müharibələrinin olmasına imkan verməyib.
Müəllif yazır ki, Trump-ın özündə də "az yoxdur". O "Bannon-un qızdırmalı sayıqlamalarını" həyata keçirməyə hazır kimi görünür. Trump Avstraliya baş naziri ilə kobud telefon danışığı zamanı dəstəyi tullayır, halbuki son 100 ildə avstraliyalılar bütün müharibələrdə ABŞ-ın müttəfiqi olublar.
Məqalədə deyilir ki, tərslikdən Brexit də Trump-la eyni vaxta təsadüf edib. Bunların ikisi bir yerdə faciə yarada bilər.
Freedland yazır ki, bütün bu hadisələr Vladimir Putinin əl-ayağını açıb. Son günlər Ukraynanın şərqində qanlı müharibənin yenidən alovlanması buna misaldır.
Məqalə deyilir ki, okeanın hər iki tayında liberallar özləri üçün tamamilə naməlum vəziyyətə düşüblər və tarixdə ilk dəfə olaraq, gələcəkdən yox, keçmişi qoruyub saxlamaqdan danışırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun