Qiyasa gəlməz gəncliyin Bayramı – Həzi Bəy

Qiyasa gəlməz gəncliyin Bayramı – Həzi Bəy
2 Fevral 2017
Mətni dəyiş
Həzi Bəy
Görkəmli rus yazıçısı Nikolay Qoqol deyirdi ki, gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var.
Bu sözlər 1800-cü ilin ortalarında deyilsə də, günümüzə kimi gəlib çıxıb. 43 illik ömrünü bir çox çətinliklərlə keçirsə də, bu qısa ömrə yüz illər sonra da oxunulacaq, danışılacaq əsərlər sığışdıra bilib. Görəsən yazıçı bu gün də yaşasaydı bu sözləri deyərdimi? Və ya bu sözlər Azərbaycan üçün nə qədər aktualdır?
Açığı, sizin qədər nikbin ola bilmirəm. Azərbaycan gəncliyinin gələcəyi var demək yalan, yoxdur demək də haqqsızlıq olar. Təsəllimiz tək ondadır ki, gələcəyimizin olmasına ümidimiz ölməyib. Bu gün Azərbaycanda onlarla gənc alternativ fikir yürütdükləri üçün həbs olunublar. 5-7-10 illəri alınan bu gənclərin gələcəyi azadlıqdır, ölkəmizin gələcəyi azad olmayacaqsa, azadlıqımız əbədi deyil. Hər gün ayağımızın altında bir cinayət, başımızın üstündə bi qanun var. Bu gün Azərbaycanda məhkəmə qapılarında zilin çalınacağını gözləyən, hakim piştaxtalarının tozundan boğulan, bir ayağı zindana, bir ayağı qismən azadlıqda olan gənclik yetişir. Bu gəncliyin İlkini, Əbdülü, Elvini, Fuadı, Qiyası nümunə götürməsi Bayramdır. Həm də ona görə bayramdır ki, bizim də yaxşı nümunələrimiz var.
Pis numunələrimiz də var. Lap elə bizim məhlənin tinində post quran Xanəlini deyim. O da çox xoşbəxtdir. Hər gün səhər oyanır, düşür məhlənin tininə, məktəbə, işə gedənlərə söz atır, zarafatlaşır gününə pozitiv başlayır. Günün ilk yarısı məhləyə girən "çjoy"ları qırağa çəkib "diqqətli olmaqdan" "ağıllı olmaqdan" "sonra peşman olmamaq üçün özünü yaxşı aparmaqdan" danışır. Nəyi pisdir? Adama heç babası belə "məsləhət" vermir. Günün sonlarında da borca aldığ pivəni içib, bax elə məndən aldığı siqareti çəkib məhləyə bir qan salır, hamımızın yuxusun zəhər edir. Bu onun həyat tərzidir. Həyatı məhv olmasaydı dəyişmək olardı, amma indi düzəlməyi mümkünsüzdür.
Nisbətən müdrik gəncliyimiz də var. Hər gün günorta yuxudan oyanıb gününə ağlayan, evdən bir manat alıb çayxanaya qaçan, gecə yarısına kimi də çayxanada şeş-qoşa gözləyib zərnən söhbət edən gəncliyi deyirəm. Nərddə də həyatdakı kimi uğursuzluqla qarşılaşan gənclik enerjisini damino çırpmaqla tükədir. Gecənin bir yarısı evə gəlib yatıb, sabah elə həmən vaxt oyanıb, elə həmən formada həyata davam edir. Bu təbəqənin özündən başqa heç kimə ziyanı yoxdur Xanəliyə baxanda.
11 il təhsilini məcburiyyət olduğu üçün davam etdirən, 2-3 il əlavə müəllim yanına gedib, müəyyən qədər bal yığıb tələbə olan gəncliyimiz də var bizim. Bu təbəqənin yuxardakılara nisbətən yaxşı tərəfi yazmağı, oxumağı bilmələridir.
Bu yaxınlarda Bakının məşhur küçələrinin birində sorğuya çıxmışdıq. Sual işğal olunan rayonlarımızla bağlı idi. 19-20 yaşlı bir gəncə yaxınlaşdıq, sualımıza ümumiyyətlə cavab verə bilmədi. İddia edirdi ki, "Göyçay", "Qax" işğal altındadır. Bu hissəi çox dəhşətlidir. Sualımıza cavabı alıb gedirdik ki, arxadan yenidən yaxınlaşıb xahiş etdi ki, videonu yaymayaq. Dedi ki, mən Dövlət İdarəçilik Akademiyasında oxuyuram, yoldaşlarım və müəllimlərim bu videonu görsə biyabır olacam. Bu da ən təhsilli gənclərimizdən biridir. İndi siz təsəvvür edin, biz yaxınlaşıb bu sualı təhsilsiz, uşaq yaşlarından işləyən, ailə qayğısı, dövlət qayğısı görməyən yüzminlərlə Azərbaycan gəncinə versəydik nə cavablar alardıq.
Bu gün yuxarıda sadaladığım Qiyasa gəlməz gəncliyin Bayramıdır, xoşbəxtlik və azadlıq arzulayıram!
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun