Qarabağ veteranı hökumətə, səhiyyəyə etiraz edir: “İntihar edəcəm”

Rzaquliyev Cəmşid Qarabağ döyüşlərinin iştirakçısı olub. O uzun zamandır səhhəti ilə bağlı çətinliklər yaşayır. Veteran deyir ki, heç bir xəstəxana, heç bir dövlət idarəsi ona yardımçı olmur. Onun ağrılarını sakitləşdirə bilmirlər.
“2 ilə yaxındır xəstəxanalara gedirəm. Hər dəfə 5-10 gün müalicə edirlər və bunun heç bir xeyri olmur, mən sağalmıram. Bronxial astma, mədədə genişlənmə, qara ciyər xəstəliyi, prostat, düz bağırsağın genişlənməsi. Bu xəstəliklərin hamısı məndə var. Həkimlər 5-10 gün sistem köçürürlər, “buket” kimi düzəlirəm. Hər şey də yaxşı olur. Sonradan təzədən halım pisləşir. Çünki məni maşın vurmayıb, mənim daxilimdə xəstəlik var” – deyə C.Rzaquliyev bildirib.
C.Rzaquliyev deyir ki, heç əlaqədar qurumlar da onun yarasına dərman tapa bilmir. Heç bir dövlət qurumu ona kömək etmir.
“20 ildən çoxdur mən dövlətdən heç nə istəməmişəm. Gedib deməmişəm ki, mənə bir qəpik pul verin. Amma indi istəyirəm. Nəyə görə istəyirəm? Çünki mənim imkanlarım tükənib artıq. İndi 2 yolum var. Ya dövlət mənə yardım edəcək, kompleks şəkildə müalicə olunmağımı təmin edəcək, ya da intihar edəcəm. Qoy Qafqazın lider dövləti fəxr eləsin ki, biz bir vətəndaşımızı saxlaya blmədik, o intihar elədi” – deyə C.Rzaquliyev bildirib.
Cəmşid Rzaquliyev dövlətdən ona yardım etməsini istəyib.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənə kömək etsin. Çünki mənim əmək qabiliyyətim itib. Sinir sistemim pozulub. Sağ beyn qabığımda quruma gedir. Kollektivdə işləyə bilmirəm. 2 gündən də bir xəstə yatıram. Mənim xəstəliklərimlə bağlı sənədlərim var. Niyə yüzminlərlə insanlar bunu alırlar, mən ala bilmirəm” – deyə o vurğulayıb.