Ötən il qeyri-neft ixracı azalıb

Ötən il qeyri-neft ixracı azalıb
10 Fevral 2017
Mətni dəyiş
Hökumət ötən il qeyri-neft ixracını nəinki artıra bilib, əksinə, azalıb.
Dövlət Statistika Komitəsinin (DSK-nin) məlumatına görə, 2016-cı ildə 1 milyard 237.1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2015-ci ilə nisbətən real ifadədə 16.4 faiz azdır.
Dərd orasıdır ki, hökumət manatın sabitliyini qeyri-neft ixracatında görür. Prezident İlham Əliyev bu günlərdə "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda bu barədə danışıb. O bildirib ki, görülən işlər «ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq" məqsədlərini güdür.
"Azadlıq Radiosu"-nun məlumatına görə, prezident hesab edir ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilər: "Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq. Beləliklə, ölkəmizə daha çox valyuta gələcək, manat öz sabitliyini qoruyacaq, neftdən asılılıq azalacaq və iş yerləri yaradılacaq, sahibkarlıq inkişaf edəcək".
Prezidentin söylədiklərindən belə anlaşılır ki, Azərbaycanın valyuta gəliri neftdənkənar ixracatdan təmin ediləcək. Bütün problem ondadır ki, hökumət bu istəyini reallaşdıra bilmir. Axı devalvasiya iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını gücləndirməliydi, amma bu məqsədə çatmaq mümkün olmayıb.
Ekspertlərin fikrincə, 3 il öncə qeyri-neft məhsulları ixracatındakı artımlar da neftdənkənar sahələrin istehsal güclərinin artmasından və ixracat potensialının genişlənməsindən qaynaqlanmayıb. Axı o zaman, kimya sənayesi başda olmaqla, bəzi sahələri "neft sektoru" bölməsindən "qeyri-neft sektoru" bölməsinə atmaqla, avtomatik şəkildə qeyri-neft ixracatının payını çox göstəriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun