Neft Fondunun valyuta satışları 3 dəfə azalıb

Neft Fondunun valyuta satışları 3 dəfə azalıb
16 Fevral 2017
Mətni dəyiş
"2016-cı ildə manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyllərə uyğun və Mərkəzi Bankın (MB) üzən-tənzimlənən məzənnə rejimi çərçivəsində formalaşıb".
Abzas.net xəbər verir ki, Mərkəzi Bankın açıqladığı Pul Siyasəti İcmalında belə yazılır
"MB təsbit məzənnə rejimindən hələ 2015-ci ilin dekabrında imtina edib. Lakin tədiyə balansının kəsirli olmasını, bu kəsirin, əsasən, kapitalın və maliyyənin hərəkəti hesabında cəmləşməsini nəzərə alaraq, 2016-cı ildə MB manatın kəskin ucuzlaşmasının qarşısını almaq üçün idarə olunan üzən məzənnə rejimini tətbiq edib. Bununla məzənnə dəyişikliklərinin makroiqtisadi və maliyyə sabitliyinə mənfi təsirləri minimallaşdırılıb", – deyə sənəddə qeyd olunub.
İcmalda qeyd olunur ki, 2016-cı ildə valyuta bazarının həcmi ötən ilə nisbətən əhəmiyyətli azalıb. Ötən ildə 2015-ci illə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 3.2 dəfə, avro ilə əməliyyatların həcmi isə 2.4 dəfə düşüb.
Dövr ərzində valyuta bazarında əməliyyatların 84.9 faizi ABŞ dollarında, 15.1 faizi digər valyutalarda aparılıb.
Valyuta əməliyyatlarının 34.4 faizi banklararası valyuta bazarında (BVB), 65.6 faizi isə bankdaxili valyuta bazarında (BDVB) reallaşıb. Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. 2016-cı ildə bankların satdığı xalis (yəni, alışlarla satışların fərqi) nağd ABŞ dolları ötən il ilə müqayisədə 20 dəfə azalaraq 445.4 milyon, avro ilə əməliyyatlar isə 3.3 dəfə azalaraq 266.6 milyon təşkil edib.
İcmalda bildirilir ki, ötən ilin martından MB-in valyuta bazarında iştirakı minimuma endirib. Dövlət Neft Fondunun (DNF) valyuta satışları da MB-də təşkil olunan hərraclarda həyata keçirilib. İl ərzində DNF-nin xarici valyuta satışları 4.9 milyard ABŞ dolları olub. Bu da 2015-ci illə müqayisədə 37.5 faiz azdır. DNF-in dövlət büdcəsinə transfertlərinin pik ili sayılan 2013-cü illə müqayisədə isə valyuta satışları 3 dəfə azalıb.
2016-cı ildə MB-də ümumilikdə, 114 valyuta hərracı keçirilib. MB-nin məlumatına görə, valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarı normal fəaliyyət göstərib. İl ərzində banklararası valyuta bazarında hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi artmağa meylli olub. Ötən il manata nəzərən ABŞ dolları 13.6 faiz bahalaşıb.
Sənəddə qeyd olunur ki, valyuta bazarında tələb-təklifdən asılı olaraq 2016-cı ildə manatın məzənnəsinin dinamikasında bir neçə möhkəmlənmə və ucuzlaşma dalğası baş verib.
2015-ci ilin sonuna ABŞ dollarının manata məzənnəsi 1.5594 manat olmuşdursa, 2016-cı il martın 11-nə özünün dövr üzrə maksimum həddinə - 1.6456 manata qalxıb. Mayın 25-də isə minimum həddinə - 1.4900 manat enib. İyun-avqust aylarında bahalaşan ABŞ dolları sentyabr ayında ucuzlaşmağa başlayıb. Oktyabrın sonundan isə yenidən bahalaşmaya meylli olub. 2016-cı ilin əvvəlindən manata nəzərən ABŞ dolları 13.6 faiz bahalaşıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun