Nazarbayev yenidən Nobel mükafatına namizəd göstərilib

Nazarbayev yenidən Nobel mükafatına namizəd göstərilib
28 Fevral 2017
Mətni dəyiş
Qazaxıstan prezidenti Nursultan Nazarbaev 7-ci dəfə Nobel Sülh Mükafatına namizəd göstərilib. Bu barədə AzadlıqRadiosunun tacik xidməti xəbər verir.
Bu il Nazarbaev-in namizədliyinin irəli sürülməsi təşəbbüsü İsveçrədə yerləşən Bazel Sülh Ofisi elmi-tədqiqat institutunun həmtəsisçisi Alyn Ware-dən gəlib. O, həmin təşəbbüsü Nazarbaev-in "nüvə silahlarının məhvi sahəsində qeyri-adi səylərinə görə" verib.
[caption id="attachment_26416" align="alignnone" width="555"] Alyn Ware[/caption]
Bundan əvvəl Nazarbaev-in namizədliyi 6 dəfə Nobel Sülh Mükafatına təqdim edilib:
1. Qazaxıstanın əvəzolunmaz prezidentinin Nobel Sülh Mükafatına namizədliyi ilk dəfə 2006-cı ildə, "xalqlar arasında sülh və dostluğun möhkəmlənməsinə verdiyi töhfələrə görə" irəli sürülüb. Həmin vaxt təşəbbüs Qazaxıstan Xalqı Assambleyasından gəlib
2. İki il sonra onun bu mötəbər mükafata namizədliyi yenidən verilib. Bu dəfə ABŞ Konqresinin iki üzvü "nüvə silahının yayılmamasına verdiyi töhfələrə görə" belə ediblər.
3. 2009-cu ildə Çeçenistanda yerləşən bir uşaq evi Stalin repressiyalarına məruz qalmış insanlara dəstəyinə görə Qazaxıstan prezidentinin Nobel Sülh Mükafatına namizədliyini verib.
4,5. Nazarbaev-in Nobel mükafatına namizədliyi ard-arda 2010 və 2011-ci illərdə də təqdim edilib.
6. 2012-ci ilin avqustunda Astanada keçirilən "Nüvə silahlarının ləğvindən nüvə sınaqlarından azad dünyaya doğru" adlı beynəlxalq konfransda 6-cı dəfə Nursultan Nazarbaev-in Nobel Sülh Mükafatına namizədliyi verilib.
BƏS BU 7-Cİ CƏHD KİMƏ LAZIMDIR?
"Son Rusiya-Türkiyə münasibətləri, Suriya prosesi fonunda... prezident Ukrayna və Rusiya arasında da çalışır. Fikrimcə, beynəlxalq ictimaiyyət görür ki, prezident səmimi qəlbdən sülh istəyir. O, BMT-dəki son çıxışında nüvə silahı olmayan dünya qurmağa çağırdı. Bu da böyük məqsəddir, çünki "bıçağın tiyəsində" gəzmək təhlükəlidir. O qədər də uzaqgörən olmayan bir nəfər düyməni basar və dünyada nüvə fəlakəti başlayar", – Qazaxıstan parlamentinin sədr müavini Vladimir Bozhko deyib.
[caption id="attachment_26417" align="alignnone" width="643"] Vladim Bozhko[/caption]
Qazaxlardan ötrü 7 rəqəminin xüsusi önəmi var. Bəlkə bu dəfə Nobel Komitəsi seçimini Nazarbaev-in üzərində saxlayar.
Ölkənin müxalifyönlü vətəndaşları ehtimal edirlər ki, prezident Nobel Sülh Mükafatını alarsa, Qazaxıstanda hakimiyyət dəyişikliyi baş verəcək.
"ONLARI 20 İLDİR EŞİDİRƏM"
"Bizdə prezidenti təqaüdə göndərmək istəyənləri mən artıq 20 ildir eşidirəm. Onu təqaüdə göndərən orakullar (kahin, falçı, rəmmal – red.) haradadır? Prezidentsə ölkəni necə müdrikcəsinə idarə edirdisə, elə də davam edir. Ona görə də mənim belə adamlara münasibətim... Mən heç bu məsələni qaldırmayım, onların xətrinə dəyər", – parlamentin vitse-spikeri deyib.
Nursultan Nazarbaev-in 76 yaşı var. O, Qazaxıstanı hələ SSRİ-nin dağılmasına çox qalmış, 1979-cu ildə idarə etməyə başlayıb. 2016-cı ilin oktyabrında prezidentin rəsmi saytı ilk dəfə Nazarbaev-in səhhətində problemlərin olması haqda rəsmi məlumat dərc edib. Xəstəlik səbəbindən onun Ermənistana səfəri təxirə salınıb.
Yanvarın 25-də Nazarbaev prezidentin bəzi səlahiyyətlərinin parlament və hökumətə verilməsinə dair qərar qəbul edib. O bildirib ki, bu qərar zamanın tələblərinə cavab verir və "demokratik islahatlar"ın ruhuna uyğundur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun