MTN-in ev dustağı olan generalından jurnalistlərə təhqir: "Rədd olun buradan!"

MTN-in ev dustağı olan generalından jurnalistlərə təhqir: "Rədd olun buradan!"
15 Fevral 2017
Mətni dəyiş
2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra cinayət məsuliyyətinə cəlb olunan dörd generaldan biri - nazirliyin Əməliyyat-Texniki İdarəsinin rəisi olmuş Natəvan Mürvətova ona sual verən jurnalistləri təhqir edib.
Bu olay fevralın 14-də məhkəmə binası önündə baş verib.
Xanım Mürvətova ilə yanaşı, daha iki generalın – MTN Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev və Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisi Sübahir Qurbanovun, eləcə də generalların tabeliyində işləmiş Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovun işinə Bakı Hərbi Məhkəməsinin sədri və hakimləri baxır. Məhkəmə iclasları Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilir.
Natəvan Mürvətovanı çıxmaqla, MTN işi üzrə saxlananların hamısına həbs-qətimkan tədbiri seçilib. Xanım generaldan başqa yerə getməmək barədə iltizam alınıb. O bu səbəbdən, məhkəməyə evindən gedib-gəlir.
MTN generalı Akif Çovdarovgilin işində olduğu kimi, bu məhkəməyə də media nümayəndələrini buraxmayıblar. AzadlıqRadiosu-nun əldə etdiyi məlumata görə, məhkəmədə təqsirləndirilənlərin vəkilləri müdafiə etdikləri şəxslərin haqqında həbs qərarının dəyişdirilib, ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatətlər qaldırsalar da, təmin olunmayıb.
Vəkil “MTN işi”ndən uzaqlaşdırılıb
Həbib Həsənovun sədrlik etdiyi hakimlər kollegiyası vəkil Kamandar Nəsibovu prosesdən uzaqlaşdırıb. Bu qərar prokuror vəsatəti əsasında çıxarılıb.
Kamandar Nəsibov bu işdə zərərçəkmiş kimi tanınan Cəmşid Novruzovun nümayəndəsidir. İttihama görə, general Sübahir Qurbanovun oğlunun adına olan obyekt Cəmşid Novruzovdan zorla alınıb. S. Qurbanovsa həmin obyektin, ümumiyyətlə, Cəmşid Novruzova aid olmadığını, onu saxta sənədlərlə mənimsədiyini, oğlunun həmin əmlakı hərracda aldığını deyir.
Kamandar Nəsibov burada zərərçəkənin nümayəndəsi olduğu halda, MTN işi üzrə həbsdə olan başqa bir generalın - Akif Çovdarovun da vəkilidir. Eyni adamın bir iş üzrə həm təqsirləndirilən, həm də zərərçəkmiş tərəfin vəkili olması isə mümkün deyil.
Məhkəmə iclası başa çatandan sonra general Mürvətova binadan çıxarkən jurnalistlər ona yaxınlaşaraq, suallarına cavab almaq istəyiblər. "Sizə verilən ittihamlarla bağlı nə deyə bilərsiniz” sualına xanım generalın reaksiyası belə olub: “Rədd olun!”.
Məhkəmə fevralın 21-də davam edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun