İlham Əliyev məcburi köçkünlərlə bağlı fərmanını dəyişdi

İlham Əliyev məcburi köçkünlərlə bağlı fərmanını dəyişdi
14 Fevral 2017
Mətni dəyiş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" fərmanına dəyişikliklər edib.
Abzas.net xəbər verir ki, dəyişikliyə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin kommunal xərcləri əvvəlki qaydada, dövlət hesabına ödəniləcək.
Keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər isə istisna olunur.
Fərmanın şamil olunduğu məcburi köçkünlər sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək güzəştlərdən yararlana biləcəklər.
Həmçinin fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödənilir.
Fərmanda nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixdən 20 manat məbləğində müəyyən edilir.
İlham Əliyevin məcburi köçkünlərlə bağlı imzaladığı 23 yanvar 2017-ci il tarixli fərmanından sonra etirazlar yarandı, paytaxtın bir neçə bölgəsində aksiyalar keçirildi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun