İlham Əliyev: "Azərbaycan regionun enerji xəritəsini dəyişib"

İlham Əliyev: "Azərbaycan regionun enerji xəritəsini dəyişib"
18 Fevral 2017
Mətni dəyiş
“1990-cı illərin ortalarında həm daxili, həm də xarici çoxsaylı çətinlikləri və Ermənistanın işğalı nəticəsində 1 milyon evsiz qalmış vətəndaşı olan gənc ölkənin Xəzər dənizinə dünyanın aparıcı enerji şirkətlərini ilk dəfə dəvət etməsi tarixi bir addım idi. Nəinki təkcə Azərbaycanda, həm də regionda vəziyyəti dəyişən bir qərar idi”.
Fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Qiymətlərin sabitləşməsinə doğru OPEC-in qayıdışı və neft geosiyasəti” mövzusunda keçirilən “dəyirmi masa”dakı çıxışında prezident İlham Əliyev belə deyib.
AZƏRTAC-ın xəbərinə görə, ölkə başçısı bu addımın hazırda regionun enerji xəritəsini dəyişdiyini qeyd edib.
“Bizdən ötrü o zaman Azərbaycanın neft ehtiyatlarına sərmayənin yatırılması müstəqilliyimizin gücləndirilməsi və çətinliklərin aradan qaldırılması üçün yeganə yol idi. Biz investisiyaları cəlb etdik, aparıcı enerji şirkətləri ilə Azərbaycanın nəhəng neft yataqlarından istehsala başladıq. Neftimizi nəql etmək üçün çoxsaylı boru sistemini inşa etdik. Bu gün bizim bütün istiqamətlərdə 7 kəmərimiz - 3 neft kəmərimiz və 4 qaz kəmərimiz var”.
İ.Əliyev sonrakı mərhələlərdə görülmüş işlərdən danışıb, Azərbaycanın tranzit ölkəyə çevrildiyini bildirib.
“Eyni zamanda, biz Xəzər dənizinin şərq sahilində yerləşən tərəfdaşlarımızın təchizat marşrutlarını şaxələndirməyə kömək edirik. Çünki enerji təhlükəsizliyindən söhbət açdıqda hesab edirəm ki, şaxələnmə əsas termindir. Adətən şaxələnmədən danışdıqda biz istehlakçılar üçün şaxələndirməni nəzərdə tuturuq. Biz bunu anlayırıq”, deyən İ.Əliyev qeyd edib ki, bəzi Avropa ölkələri neftin 30-40 faizini Azərbaycandan əldə edirlər.
Prezident bu yaxınlarda Brüsseldə apardığı danışıqlara da toxunub, Avropa Birliyi ilə münasibətlərin inkişafından, “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının durumundan bəhs edib.
İlham Əliyev fevralın 17-də Münhendə Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçlə görüşüb.
Görüşdə əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunulub.
İlham Əliyevin fevralın 17-də İsrailin müdafiə naziri Aviqdor Liberman ilə də görüşü olub.
Görüşdə Azərbaycan-İsrail əlaqələrinin müxtəlif aspektlərinin müzakirə edildiyi bildirilir.
Aviqdor Liberman Azərbaycan ilə İsrail arasında hərbi-texniki sahədə əməkdaşlığın məmnunluq doğurduğunu vurğulayıb.
Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının dövlət başçısı Məhəmməd Əşrəf Qani ilə də görüşüb.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, görüşdə vurğulanıb ki, iki ölkə arasında pambıqçılıq, sement istehsalı, səhiyyə və nəqliyyat sahələrində əlaqələrin inkişafı baxımından yaxşı imkanlar var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun