Hələ gec deyil - Rafiq Manaflı

Hələ gec deyil - Rafiq Manaflı
15 Fevral 2017
Mətni dəyiş
Hər bir ailə bir dövlətdir. İşləyən, az ya çox, müəyyən gəlirləri olan hər bir ailə sabahı, 5 il, 10 il sonrası haqqında fikirləşir, planlar qurur və həyatını həmin planlara uyğun yaşamağa çalışır.
Dövlət də bir ailədir, elə həmin sabahını planlaşdırmağı bacaran insanları özündə birləşdirən böyük bir ailə. Və dövlətin sabahını fikirləşmədən, 5 il sonrasını planlaşdırmadan, uzaq perspektivləri proqnozlaşdırmadan öz balaca ailən üçün qurduğun planların bir qara qəpik qiyməti yoxdur. Çünki sənin, ətrafının taleyi dövlətin taleyi ilə üzvi olaraq bağlıdır.
Dövlətin aqibəti sabah necə olacaqsa, sənin də, ailənin, qövmünün də aqibəti elə olacaq. Axı əksəriyyətimizin elementar şeyləri proqnozlaşdırmağa intellektimiz, düşüncəmiz çatır. Motiv də kifayət qədər həyatidir – dövlətimizlə birlikdə özümüzün, yaxınlarımızın sabahını düşünmək. 20 il bundan qabaq bu hakimiyyət ölkədə korrupsiyanı oturuşdurmağa başlayanda, biz bunun sabah hara gətirəcəyini hamılıqla bilə-bilə niyə səsimizi dinməz yerimizə qoyduq. Və yaxud, bu gün niyə anlamaq istəmirik ki, korrupsiya səbəbdir. Oliqarxiyanın, monopoliyanın, dağılmış iqtisadi münasibətlərin, istehsalatın, kənd təsərrüfatının səbəbidir. Planlaşdırılan nəticə isə avtoritar rejim və daha sonra avtokratiyadan keçərək monarxiya rejiminin qurulmasıdır.
Niyə dərk etmirik ki, təhsilin məhv edilməsi səbəbdir, planlaşdırılan nəticə savadsız, haqq və hüquqlarını bilməyən, dar düşüncəli, sözəbaxan, ələbaxan bir toplumun yaradılmasıdır. Səhiyyənin məhv edilməsi səbəbdir, proqnozlaşdırılan nəticə insanların bu hakimiyyətdən can asılılığına düşəcəyi cəmiyyət qurmaqdır. Bu gün insanların müalicə üçün ora-bura getmək imkanları var. Axı ölkənin salındığı və getdikcə dərinləşən bu miskin vəziyyətlə sabah belə imkanlar olmayacaq. Və insanların müalicəyə göndərilməsi hakimiyyətin tam monopoliyasında olacaq. Hakimiyyət də, əlbəttə, elə ucdantutma hamını ora göndərməyəcək ki. Can isə şirin şeydir. Hökumətin can siyahısına düşmək üçün insan nəyə desən gedəcək.
Niyə fikirləşmirik ki, bu gün ermənilərin tək-bir, cüt-bir gətirilib Bakıda yerbəyer edilməsinin sabahı onların bura kütləvi axını, yeni Azərbaycan-Hayastan qardaşlığı, Qarabağdan ibarət olan qardaş payı ilə nəticələnəcək. Biz axı bu zibilə bir dəfə düşmüşük və Zəngəzur mahalını qardaş payı etmişik.
Tarix obyektiv qanunlarla inkişaf etsə də, onu yaradan insanlardır. Amma təəssüf ki, reallığımızın acı həqiqəti ondan ibarətdir ki, Azərbaycanda sabahını planlaşdırmaq, qurmaq haqqında fikirləşmək imkanları olanlar günü-gündən azalır. Hökumətin məqsədyönlü antimilli siyasəti insanları bu günlə yaşamağa məcbur edir. Nə dünən haqqında fikirləşmək vaxtı, istəyi yoxdur, dünənki qaldı dünəndə. Nə sabah haqqında fikirləşmək iqtidarı yoxdur, sabah nə olacaq allah kərimdir.
Bu günlə yaşayan, bu günü sadəcə başa vurmaq üçün mücadilə aparan insan isə sabahın yaradıcısı, qurucusu ola bilməz. Dövlətimizə, millətimizə qarşı bu məkrli yol hələ sona, mənzil başına çatmayıb. Hələ geri qayıtmaq, dövlətimizi yenidən qurmaq mümkündür. Onun üçün isə hamılıqla beynimizə düşünmək əziyyətini verməliyik. İndi verməliyik, yoxsa gec olacaq.
 
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun