Həbsdəki REAL üzvü ona işgəncə verildiyini deyir

Respublikaçı Alternativ Hərəkatının (REAL) Sumqayıt məclisinin fəalı Rahim Şaliyev Sumqayıt Şəhər Polis İdarəsində işgəncəyə məruz qalıb. Bu haqda gənc fəalın vəkillərindən Yalçın İmanov məlumat verib.
Vəkil fevralın 22-də Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma yerində Rahim Şalıyevlə görüşüb. O, vəkilinə başına gələnləri danışıb.
Y.İmanov bildirib ki, fevralın 20-də səhər saat 11 radələrində Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə, ordan da Sumqayıt şəhər Polis İdarəsinə aparıblar.
Polis idarəsində R.Şalıyev rəis müavini və tanımadığı başqa bir şəxs tərəfindən sorğu-sual edilib. Ona facebook’dakı paylaşımları və REAL Hərəkatı haqqında suallar verilib.
“Facebook şəbəkəsində statuslarına irad bildiriblər və səhifəsinin parolunu deməsini tələb ediblər. Şaliyev parolu deməyib və REAL-la bağlı suallara cavab verməyib. Bu zaman rəis müavinin tələbi ilə fəalı başqa otağa keçiriblər. Otaqda onu 5 polis əməkdaşı döyüb, təhqir ediblər. Döyülmə zamanı Şaliyevın səhhəti pisləşib, onun ürəyində problemlər var. Bu zaman polislər su verib və yenidən hədə-qorxu gəlib, döyərək facebook statuslarına son qoymasını tələb ediblər. Baş nahiyyəsinə zərbələr endiriblər”, vəkil qeyd edib.
Vəkil bildirib ki, daha sonra R.Şaliyev təkrar 4-cü polis bölməsinə qaytarılıb. Orda protokol tərtib olunub. Guya Şaliyev küçədə mobil telefonla kiminləsə danışanda söyüş söyüb və polisin tələbinə tabe olmayıb. R.Şalıyev idarədəki fiziki və psixoloji təzyiqlər altında həmin protokol və izahata imza atmaq məcburiyyətində qaldığını söyləyib.
Sumqayıt şəhər Məhkəməsi bu ittihamla Şaliyevə 30 sutka inzibati həbs verib.
“Məhkəmədən sonra Şaliyevi yenə Sumqayıt şəhər Polis İdarəsinə gətiriblər. Orada fəala zor gücü ilə unitaz təmizlətdiriblər və videoya çəkiblər. Daha sonra onu polis idarəsində bir neçə qadının saxlanıldığı otağa aparıb üst paltarını və şalvarını soyundurub döşəmə sildiriblər. Bunların hamısını videoya çəkiblər. Onu bir daha rəis müvininin otağına qaytarıblar və REAL-la bağlı sual-cavab ediblər. İstədiklərini demədikdə qonşu otağa aparıb yenidən döyüblər, dubinka ilə zorlamaqla hədələyiblər. Bu zaman Şaliyev pəncərənin önünə gələrək, işgəncə dayandırılmasa özünü pəncərəyə vuracağını bildirib. Yalnız, bundan sonra işgəncə dayandırılıb”, vəkil qeyd edib.
Onun sözlərinə görə, hazırda Şalıyevin başının sol nahiyyəsində kəskin ağrılar var və eşitməsində problemlər yaranıb.