GUAM ölkələri hökumət başçıları martın sonunda Kiyevdə görüşəcək

GUAM ölkələri hökumət başçıları martın sonunda Kiyevdə görüşəcək
15 Fevral 2017
Mətni dəyiş
Martın 27-də Kiyevdə GUAM üzvü olan ölkələrin (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) hökumət başçılarının görüşü keçiriləcək.
"Report" Gürcüstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Mixeil Canelidze və GUAM baş katibi Altay Əfəndiyev arasındakı görüş zamanı müzakirə aparılıb.
Tərəflər əsas gündəm məsələlərini, təşkilatın "Güclü GUAM naminə birlikdə" adı verilmiş yeni əməkdaşlıq proqramını, eləcə də strukturun 20 illiyi münasibətilə planlaşdırılan tədbirlərə hazırlığı müzakirə ediblər.
Qeyd edilib ki, martın 27-də GUAM üzvü olan ölkələrin hökumət başçılarının görüşünün, ardından isə biznes forumun keçirilməsi struktur ölkələrinin xüsusilə iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində əməkdaşlığına yeni təkan verəcək.
Gürcüstan tərəfi GUAM-ın potensialının artırılması və təşkilatın beynəlxalq arenada imicinin artması üçün səylər göstərməyə hazır olduğunu təsdiq edib.
Tərəflər GUAM çərçivəsində siyasi konsolidasiya, sahə əməkdaşlığının dərinləşdirilməsi, eləcə də GUAM-ın tərəfdaşları - ABŞ, Yaponiya, Vışeqrad qrupu ölkələri ilə siyasi məsləhətləşmələr keçirmək barədə razılığa gəliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun