"Dünyada dollar bahalaşacaqsa, manatın da dəyərdən düşməsi sürətlənə bilər"

"Dünyada dollar bahalaşacaqsa, manatın da dəyərdən düşməsi sürətlənə bilər"
3 Fevral 2017
Mətni dəyiş
ABŞ Mərkəzi Bankı – Federal Ehtiyat Sistemi (FED) fevralın 1-də keçirilən iclasında uçot dərəcəsini dəyişməyib. FED-in bütün qərarları digər valyutalara təsir etdiyi kimi, Azərbaycan manatına da təsirini göstərir. 
Bəs bu qərarın manata nə kimi təsiri olacaq? Manat dəyər qazana bilərmi? Yaxın günlərdə manatın durumu nə olacaq?
Vahid Əhmədov: "Manata təsir edən  bu qərar deyil”. 
Milli Məclisin deputatı Vahid Əhmədov Toplum TV-yə bu qərarın Azərbaycana o qədər də təsiri olacağını gözləmədiyini bildirib.
"Həmişə baxırlar ki, Amerikada Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini dəyişir, dəyişmir. Bütün dünyada bu çox diqqətlə izlənilir. Çünki Amerika dolları bütün dünyada valyuta kimi istifadə edildiyi üçün, uçot dərəcəsinin dəyişməsi valyutanın qiymətinə təsir edir. Azərbaycana da həmişə müəyyən qədər təsiri olur, bu simvolik xarakter daşıyır, amma manata təsir edən o deyil. Manata təsir edən Azərbaycanın arxasında olan əmlakıdır, neftin qiymətidir və sair. Hesab edirəm ki, Azərbaycana bunun o qədər də təsiri gözlənilmir. Yalnız cüzi ola bilər. Amma elə ölkələr var ki, FED-in uçot dərəcəsinin dəyişməsi ciddi milli valyutalara təsir edir”.
Natiq Cəfərli: "Nəfəs almaq üçün vəziyyət yaranıb”  
İqtisadçı-ekspert Natiq Cəfərli isə 45 gün sonra manatın dəyərdən düşməsinin sürətlənə biləcəyini deyib:
"Əslində manatın vəziyyəti birbaşa FED-in toplantıları ilə əlaqəli deyil. Manata təsir edən başqa ciddi yerli amilllər var ki, manatın məzənnəsinə daha çox təsir göstərir. Amma təbiiki, dünyada gedən qlobal proseslər, həm FED-in qərarları, neftin qiyməti, dünyada dolların indeksinin vəziyyəti, dolayısı ilə olsa da, Azərbaycan manatına təsirsiz ötüşmür. Amma dediyim kimi, manata birbaşa təsir edən amillər FED`lə və yaxud dünyada gedən proseslərlə yox, daxildəki problemlərlə bağlıdır. Ölkənin valyuta ehtiyyatlarının azalması, valyuta qazanan şirkətlərin barmaqla sayılır olması və hərraclarda tələbdən daha az dolların çıxarılması, ölkənin kifayət qədər yüksək səviyyədə idxaldan asılı olması”.
Natiq Cəfərli bildirir ki, yaxın aylarda FED  fazi artımını dəyişə bilər:
"Toplantıdan sonra verilən yazılı açıqlamalar çox maraqlı idi. Görünən odur ki, FED yaxın aylarda faiz artımını sürətləndirə bilər. Əgər bu baş verəcəksə, təbii ki bütün dünyada dolların bahalaşmasına səbəb olacaq və mütləq Azərbaycan manatına da təsiri olacaq bunun. Əgər dünyada dollar bahalaşacaqsa, Azərbaycan manatının da dəyərdən düşməsi sürətlənə bilər. Amma ən azından yaxın 45 gündə, FED`in növbəti toplantısına qədər, obrazlı desək "nəfəs almaq üçün vəziyyət yaranıb dünyada”. Növbəti toplantıya qədər dolların məzənnəsi indiki səviyyələrdə qalması, Azərbaycanda yox, dünyada indiki səviyyələrdə qalması ehtimalı çox yüksəkdir”.
İqtisadçı-ekspert Samir Əliyev yatın 1 ildə manatın kəskin ucuzlaşmasını gözləmədiyini bildirib.
"İndi uçot dərəcələrinin qaldırılmamasına görə dollarda müəyyən ucuzlaşma müşayət edilir, amma Azərbaycanda manat sərbəst məzənnə olmadığına görə bizə birbaşa təsir göstərmir. Manatın bu gün ki durumunun, FED`in uçot dərəcəsinin qaldırılması ilə birbaşa əlaqəsi yoxdur. Daha çox dolayı təsiri var. Ona görə də, bu uçot dərəcəsinin qaldırılmamasının manatın bahalaşmasına gətirib çıxaracağı fikrini mən qəbul etmirəm. Manat  bahalaşacaqsa, bunun birinci səbəbi ola bilər iqtisadi vəziyyət, bu sahə haqqında hələ tezdir danışmaq. Manat real bazar dəyərini tapmadığına görə, biz bunu deyə bilmırik. Digər səbəb isə hökümətin davranışları ola bilər. Xüsusi ilə də maliyyə qurumlarının davranışı. Maliyyə bazarına cavabdeh olan Mərkəzi Bankın bu məsələdə davranışı. Manat ötən ilin yayından başlayaraq yumşaq da olsa, ucuzlaşmağa doğru gedir. 2016-cı ildə manata münasibətdə  dollar 12 faizdən çox bahalaşdı. Indi də, birinci ay başlayandan biz görürük ki, bu proses sürətlə gedir. Kəskin olmasa da, ucuzlaşma tempi artıb. Bilirsiz, proses ondan ibarətdir ki, manatın real bazar dəyərinin olmadığına görə, manatın sabitləşməsi barəsində danışmaq üçün tezdir hələki. Sabitləşmə olarsa da, bu müvəqqəti xarakter daşıyacaqdır. Çünki, dollara təlabat artdıqa dollar bahalaşacaq, tələbat azaldıqca proses gedəcəkdir. Bizdə bazar iştirakçıları az olduğuna görə, yəni dollar təklif edən az olduğuna görə, bu gün faktiki olaraq mən deyərdim dolar təklif edən yeganə iştirakçı Neft Fondudur.”
[caption id="attachment_16877" align="alignnone" width="700"] Samir Əliyev[/caption]
Samir Əliyev deyir ki, manatda müəyyən bir həddə sabitlik yarana bilər: "Düşünürəm ki, burada artıq psixoloji bir hədd var. Manatın mən yaxın dövrdə kəskin ucuzlaşmasını gözləmirəm, ehtimal etmirəm. Xüsusi ilə də 7.5 milyard dollar ki ayrıldı Mərkəzi Banka, bu qərardan sonra vəziyyət aydın idi ki, manatın məzənnəsində kəskin dəyişikliyə yol verilməyəcək. Amma bu o demək deyil ki, manatın məzənnəsi sabit qalacaq. Sadəcə olaraq ucuzlaşma prosesi idarə olunası səviyyədə keçəcək. Ola bilər ki, tədricən müəyyən bir dövrdə ucuzlaşma prosesi getsin, müəyyən bir dövrdə sabitlik olsun, hətta müəyyən bir dövrdə manatın müəyyən qədər bahalaşması olsun.  Çünki 7.5 milyad manat imkan verəcək ki, uzunmüddətli olmasa da, qısa müddətdə, 1 il müddətində manat idarə edilsin. Hazırda dollar 2 manata doğru gedir. Düşünürəm ki, müəyyən bir həddə manatda sabitlik yarana bilər, hətta müəyyən bir bahalaşmanı da istisna etmirəm. Əgər bu baş verərsə, bu sabitlik və bahalaşma daha çox müvəqqəti xarakter daşıyacaq. Bir müddətdən sonra yenidən manatın ucuzlaşmasını biz görəcəyik”.
Qeyd edək ki, ən son 2016-cı il dekabrın 14-də FED uçot dərəcəsini artırmışdı. Bundan əvvəl, 2015-ci il dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0.25 faiz artırılması barədə qərar qəbul etmişdi.FED-in ötən günki iclasında uçot dərəcəni 0.5-0.75 səviyyəsində saxlayıb. Qurumun açıqlamasında deyilir ki, istehlakçı xərcləri artsa da, 2 faizlik inflyasiya hədəfinə çata bilməyiblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun