Donald Trump-ın impiçmentinə əsaslar çoxalır

Donald Trump-ın impiçmentinə əsaslar çoxalır
16 Fevral 2017
Mətni dəyiş
"The İndependent" yazır ki, Donald Trump-ın impiçment olunması və ya mühakimə edilməsi üçün hüquqi əsaslar getdikcə artmaqdadır.
Buna səbəb onun seçki komandasının Rusiya ilə əlaqələrinə dair yeni məlumatların aşkar olunmasıdır.
Məqalədə deyilir ki, xəbər verildiyinə görə, Donald Trump özünün milli təhülkəsizlik müşaviri Michael Flynn-in Rusiya səfiri ilə danışıqlarda Moskva üzərindəki sanksiyaların qaldırılması məsələsini müzakirə etdiyini, bu xəbər mətbuata çıxandan azı üç həftə əvvəl bilirmiş.
Flynn bu həftə istefaya gedib.
Keçmiş milli təhlükəsizlik müşaviri, Trump prezident vəzifəsinə başlayandan az sonra FTB tərəfindən dindirilib.
Onun Rusiya səfiri ilə danışıqları barədə təhlükəsizlik orqanlarına yalan danışması cənab Flynn-in mühakiməsi ilə nəticələnə bilər.
Prezident Obamanın keçmiş etika vəkili deyib ki, Flynn-in yalan danışdığı isbat edilsə, onu mühakimə etməlidirlər.
Vəkil deyib ki, bundan sonra bu məhkəmə Trump-ı və başqalarını da mühakiməyə darta bilər.
Xəbər verilir ki, Trump-ın köməkçiləri və komanda üzvləri seçkilərə qədər müddətdə dəfələrlə Rusiya hökumətinin və kəşfiyyatının nümayəndələri ilə görüş və danışqıalr keçiriblər.
Bu məlumatlar ABŞ kəşfiyyatının əlində olan telefon danışqılarının yazılarından, bank hesablarından və səfər sənədlərindən bəlli olub.
Bu tapıntılar cənab Trump-ın Rusiya ilə hər hansı əlaqələrinin olmasını inkar etməsi ilə ziddiyyət təşkil edir.
Ağ Evin mətbuat katibi Sean Spicer deyib ki, onun cənab Trump-ın köməkçilərindən kiminsə Rusiya ilə danışıqlarda olduğu barədə məlumatı yoxdur, hərçənd milli təhlükəsizlik müşavirinin Rusiya səfiri ilə danışdığı məlumdur.
Mətbuat katibi israr edib ki, cənab Flynn "etibarı pozduğuna" görə istefa verib.
ABŞ kəşfiyyatı hələlik Trump-ın adamlarından kimlərin Rusiya rəsmiləri ilə təmasda olduğunu konkret şəkildə bildirməyib.
Kəşfiyyat habelə bu təmasların seçkini təsirləndirmək məqsədi ilə aparılıb-aparılmadığını da açıqlamayıb, hərçənd Trump-ın özü seçki kampaniyasında Rusiya prezidenti Vladimir Putinə heyranlığını dəfələrlə elan edirdi.
Demokratlar və bəzi respublikaçılar cənab Trump-ın Rusiya ilə əlaqələrinin dərindən araşdırılmasına çağırıblar.
"The İndependent" yazır ki, araşdırma prezidentin adamlarının Rusiya ilə Hillary Clinton-un seçki kampaniyasına qarşı təxribat törətmək məqsədilə əməkdaşlıq etdiklərini üzə çıxarsa, onda 1799-cu il Logan qanununun pozulmuş olduğu isbat ediləcək. Bu qanun adi vətəndaşların ABŞ və xarici ölkələr arasındakı diplomatik münasibətlərə müdaxiləsini qadağan edir.
Cənab Flynn Rusiya səfiri ilə danışdığı vaxt hələ adi vətəndaş idi.
Lakin bu qanundan indiyədək Kentucky ştatından bir fermer də daxil iki nəfərin 1803 və 1852-ci illərdə mühakiməsi üçün istifadə edilib.
Texas Universiteti Hüquq Məktəbinin professoru Jennifer Laurin deyib ki, cənab Flynn-in həmin maddə ilə mühakimə edilməsi tamamilə ağlabatandır.
Harvard Universitetinin hüquq professoru Laurence Tribe "The İndependent" qəzetinə deyib ki, son açıqlamalar prezidentin impiçmenti üçün əsası gücləndirib.
Professor bildirib ki, Flynn-in tələm-tələs istefaya getməsi bu işə xitam vermir.
Bu arada cənab Trump başqa hüquqi problemlərlə də üz-üzə qalıb.
Artıq bir neçə hüquqşünas prezidenti Ağ Evi "şəxsi ailə biznesinin mənfəət mərkəzinə" çevirməkdə ittiham edir.
Onlar bildirirlər ki, bu halda prezident ABŞ Konstitusiyasının gəlirlər haqda maddəsini kobud şəkildə pozub.
Ədliyyə nazirliyi vəkillərin sorğusuna 60 gün ərzində cavab verməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun