Bosniya və Herseqovina Serbiyaya qarşı məhkəmə iddiası qaldırır

Bosniya və Herseqovina Serbiyaya qarşı məhkəmə iddiası qaldırır
18 Fevral 2017
Mətni dəyiş
Bosniya və Herseqovina, Serbiyaya qarşı soyqırım iddiasını yenidən qaldıracaq.
Bosniya və Herseqovina Dövlət Başçılığı Şurasının bosniyalı üzvü Bakir İzzetbegovich-in himayəsində, ölkədəki siyasi partiya və qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı ilə paytaxt Sarayevoda təşkil edilən konfransda, Serbiyaya qarşı soyqırım iddiasının yenidən qaldırılması qərarı alınıb.
Abzas.net xəbər verir ki, İzzetbegovich toplantının ardından verdiyi açıqlamada, Haaqa Beynəlxalq Məhkəməsində Serbiyaya qarşı yenidən soyqırım iddiası açılmasının böhrana səbəb olacağını, ancaq bu böhranın "bəzilərinin təhdid olaraq önə sürdüyü böyüklükdə olmayacağını" söyləyib.
Soyqırım iddiasının yenidən qaldırılmasının heç kimin haqqını pozmayacağını vurğulayan İzzetbegovich, "İddianın yenilənməsindən imtina edilməsi, Bosniya və Herseqovina dövlətinin və qurbanların şərəfinə zərər verirdi" ifadələrindən istifadə edib.
İddianın yenidən qaldırılmasına, toplantıya qatılan 50-dən çox nümayəndənin səs birliyi ilə qərar verildiyini bildirən İzzetbegovich, "Bu iddianın yenidən açılması, qurbanların haqqıdır. Ədalət və həqiqət arxasında olan hər kəs bizim yerimizdə olsa eynisini edərdi", - deyə qeyd edib.
İzzetbegovich, iddianın gələcək həftə qaldırılacağını ifadə edərək, məhkəmədəki yeni dəlillərin köhnə serb komandir Ratko Mladiçin mühakimə olunması prosesində ortaya çıxdığını, bu dəlillərlə köhnə Yuqoslaviyadan minlərlə əsgərin soyqırımda iştirak etdiyini və dövrün dövlət başçısı Slobodan Milosevic rejiminin soyqırıma məntiqi dəstək verdiyinin görüldüyünü sözlərinə əlavə edib.
Beynəlxalq Məhkəmə 2007-ci ilin fevral ayında Bosniya Herseqovinanın Serbiyaya qarşı açdığı soyqırım iddiasını dəlil azlığından rədd etmiş, Bosniya Herseqovinanın yeni dəlillər tapması şərtiylə 10 il ərzində yenidən iddia qaldırma haqqı tanımışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun