Boğulmuş cəmiyyətin qəfəsi - Məhəmməd Talıblı

Boğulmuş cəmiyyətin qəfəsi - Məhəmməd Talıblı
27 Fevral 2017
Mətni dəyiş
“Əgər mallar sərhədləri keçmirsə, əsgərlər keçir”
Böyük fransız iqtisadçısı Frederik Bastiatın.
Bu ölkədə hətta bir günlük səlahiyyət sahibi olsam belə ilk növbədə iqtisadi azadlıqların təmin olunması üçün tədbirlərdən başlayaram. Bu təkcə onun iqtisadi məntiqini dərk etdiyim və nəticələrinin hansı iqtisadi mənzərə yaratmasını təsəvvür etdiyimdən irəli gəlmir. Həm də onun hansı sosial və siyasi performanslar doğuracağı, kompleks tədbirlərin cəmiyyət üçün nə qədər vacib olduğu üçün edərəm! Çünki cəmiyyətdə iqtisadi azadlıq olmasa sosial ədalət də ola bilməz. Sosial ədalət isə yalnız hüququn formalaşdırdığı obyektiv qərarlarla və gəlir bərabərliyi ilə ölçülə bilməz. Sosial ədalət həm də iqtisadi nemətlərdən yararlanma və onun əldə olunmasına çıxış imkanını özündə ehtiva etməlidir. Məhz sosial ədalət olan cəmiyyətdə ictimai rifah mövcud ola bilir. Ona görə iqtisadi azadlıqların olmasını yalnız bir sahəni və ya əlahiddə zona kimi təsəvvür etmək doğru olmazdı.
İqtisadi azadlıqdan digər törəmə sahələr asılı olur. Bu mənada iqtisadi azadlıq iqtisadiləşən hissədə sərbəst oyun qaydalarının mövcud olması deyil. İqtisadiyyatla bağlı digər sahələrin azadlıqlar üçün açıq olmasını özündə ehtiva edir. L.Mizesin liberal yanaşmanın tərəfdarı olmaqla fikirlərini belə əsaslandırır:
“Bazar iqtisadiyyatının verdiyi iqtisadi azadlıq “yox” olan kimi, bütün siyasi azadlıqlar və insan haqları aldanmaya çevrilir.”
Siyasi azadlıqlar qazanan ölkədə iqtisadi azadlıqlar cəmiyyəti daha çox rifaha qovuşdurur. Demək ki, iqtisadi azadlıq olmayan yerdə rifah olmaz. İqtisadi azadlıq olmayan yerdə yoxsulluq insanların nəsibi olur. İqtisadi azadlıq həm də digər sosial infrastruktur elementlərinə (sosial ayırmalar, yoxsulluq, məşğulluq və s.) də indikativ təsiri olur.
Keçən əsrin 70-ci illərindən sonra Banqladeşi bürüyən total yoxsulluq girdabından çıxarılmasında xüsusi önəmi olan sosial biznes nəzəriyyəsi üzrə “Nobel”çi Muhammad Yunus özünün yazdığı kitabında (“Kasıbların bankiri”) maraqlı məqamlara toxunur. Müəllif müstəqil araşdırmalara istinad edərək sübut etmişdir ki, qadınların ərləri tərəfindən döyülməsi halı onların “Grameen”ə (sosial biznesi təşviq edən bank insitutu) qoşulduqdan sonra azalmışdır. Bu faktalogiya onu bir daha göstərir ki, insan sərbəst vəsaitə və ya müəyyən gəlirə malik olanda bu həm də onun ailədaxili hüquqlarının maksimum səviyyədə yaxşılaşmasına imkan yaradır. Bu mənada iqtisadi azadlığın doğurduğu iqtisadi qüdrət həm də ailə insitutlarının daha da möhkəmləndirməsinin məhək daşlarından biridir.
Son illərin statistik göstəriciləri gerçəkdən ailələrin “qəfəs” içərisində hansı məşəqqətlər içində yaşadığını çox aydın göstərir. Yeni ailə quranlar içərisində boşanmalar xüsusilə sürətlə artıb. Son 10 il üzrə statistik müqayisə ailə insitutlarının dayaqlarının zədələnməsi üçün ciddi anons hesab oluna bilər. Əgər 2006-cı ildə  Azərbaycanda 79,443 nəfər nikaha daxil olmuşdusa, boşananların sayı 7,817 nəfər olmuşdu. 2016-cı ildə 50,4 min nikaha qarşı isə 9,6 min boşanma halları qeydə alınıb. Deməli, 10 il bundan qabaq ölkədə boşanmaların sayı 9,8 faiz təşkil edirdisə, hazırda bu rəqəm 19,2 faizdir. Təxminən nikaha daxil olanlarla boşanmalar arasında fərq 10 ildə 2 dəfə artıb. Deməli, ailə insitutlarının dayaqları ciddi sürətdə zədələnib. Burada ailə büdcələrinin kiçilməsi və sosial-iqtisadi vəziyyətin ağırlığı birmənalıdır.
Bu nədən yaranır? Haqsız rəqabət, mülkiyyət toxunulmasızlığına zəif təminat, biznes mühitinin əlverişli olmaması, miqrasiya, vətəndaşların pul arxasınca xarici ölkələrə getməsi və s. insanların gəlir mənbələrini tükədib. Bu acı nəticəni isə doğuran ölkədəki iqtisadi azadlıqların olmamasıdır. Bu zaman isə səfalət ölkədə daha çox insanın nəsibi olur.
İqtisadi azadlıqların olmaması üzündən boğulan cəmiyyətin vəziyyəti daha faciəvi şəkil alır. Bu minalar həm də ailə insitutlarının altında basdırılıbdır. Fərqli şəraitdə və müxtəlif vaxtlarda gözləmədən partlamaqda davam edir. Əslində ailələr sürünürlər, amma kənardan yaşayırmış kimi görünürlər. Ailə başçıları öz ailələrinin qarşısında az qala diz çöküblər. Diz çökmüş ailələrin fərqli olaraq cəmiyyətin də ayaq üstə duruşu hiss olunmur. Yerişin itirən cəmiyyətin ailələrinin hansı vəziyyətdə yaşamasının aydın şəklin çəkir. Halbuki, yaşamağına imkan verilməyən insanlarla guya ayaq üstə cəmiyyətin fərqi çox da seçilmir. ABŞ-ın eks prezidentlərindən olmuş Franklin Ruzvelt deyirdi ki, ayaq üstə ölmək dizi üstə yaşamaqdan daha şərəflidir.
Bildiyimiz kimi, hər il ABŞ-ın “Heritage”(“İrs”) Fondu dünya ölkəri arasında iqtisadi azadlıq səviyyəsinin müxtəlif göstəricilərə görə reytinq cədvəlini açıqlayır. 2017-ci il üzrə reytinq göstəcisində Azərbaycan 68-ci yerdədir. Müqayisə üçün deyim ki, bu Cənubi Qafqaz ölkələri arasında ən aşağı yer deməkdir. Türkiyə də daxil olmaqla hər iki ölkə “nisbətən azad” ölkə qrupuna daxil olub.
Reytinq göstəricilərinin müəyyənləşməsində iqtisadi azadlığın təkcə gəlirlərə deyil, həm də insanların həyat tərzinə - rifahına, sağlamlığına, təhsilinə, yeniliklərə, sosial inkişafa, dövlət idarəçiliyinə, ətraf mühitə müsbət təsir göstərdiyi qeyd olunur. Deməli, hər bir ölkə təkcə milli gəlir səviyyəsi ilə fəxr etməli deyil, eyni zamanda milli gəlirin formalaşmasına təsir edən digər təsir elementləri və milli gəlirin dağıdılması mexanimzlərinə xüsusi diqqət etməlidirlər.
Deməli, bu zaman dövlətlər əldə etdiyi iqtisadi artıma və bununla keyfiyyətləndirilən inkişafını yalnız ÜDM-lə əlaqələndirməsinə çalışması doğru olmaz. Artıq elmi paradiqmalar sübut edir ki, inkişafa milli gəlir məsələsi kimi deyil, insan hüquqları məsələsi kimi baxmaq lazımdır.
İnsanlara verilən azadlıqlar mövcud olanda iqtisadi artım davamlı olur. Məhz bazar iştirakçılarına maksimum azadlıq veriləndə onlar daha çox ÜDM “piroquna” öz tövhələrini vermiş olurlar. Hüquqi çərçivələr daha çox kapital hərəkətinin sərbəst trayektoriyasına təminatlar yaradanda bazar oyunçuları içərisində xarici investorlar daha çox gözə dəyir. Bazarda rəqabətə söykənən oyun qaydaları aparıcı tendensiyaya çevrilir. Çünki, investorlar çağrışla və şirin vədlə hər hansı bir ölkəyə sərmayə yatırmaz. Onu heç bir məcburetmə və şirin nağıllar həmin ölkəyə bağlaya bilməz. Onu  investisiya üçün münbir şəraitin olması düşündürür. Kapitalizmdə əsas ideya budur.
”Nobel”çi Milton Fridman haqlı olaraq yazır ki, kapitalist cəmiyyətinin əsas ideyası könüllü mübadilə və əmakdaşlıqdır. Sosialistlərin əsas ideyası fundamental olaraq məcbur etməkdir. Kapitalizmdə iqtisadi azadlıqlar güclü olduğu və mülkiyyət hüquqları yüksək səviyyədə təmin olunduğu üçün cəmiyyət çiçəklənir. Sosializm iqtisadi azadlıqlar bataqlığı olduğu üçün bəlkə də ona görə oralar çiçəklənmir (bu solçu baxışların iqtisadi inkişafını istisna edir). Çiçəklənmək çiçək sözündən olduğu üçün bəlkə də onun bataqlıqla arasında bir əlaqə mövcuddur. Müdriklər haqlı olaraq deyirlər ki, bataqlıqda çiçək bitməz. Bu mənada bataqlığı yaradan iqtisadi azadlıqların olmaması, iqtisadi azadlıqların olmaması isə bataqlıq yaradır. Bizi isə bataqlıdan o kəs çıxara bilər ki, onun özü bataqlıda olmasın.
Müsəlman ölkələri və iqtisadi azadlıqlar
Bu ay ərzində iki fakt üzrə müsəlman ölkələrinin vəziyyəti diqqətimi çəkdi.
(ı)yuxarıda qeyd olunan “Heritage” Fondunun iqtisadi azadlıqlar üzrə hesabatında İranın 155-ci - axırıncı yerlərdə qərar tutub.
(ıı) Zimbabvenin 92 yaşlı prezidenti Robert Muqabenin arvadı deyib ki, dövlət başçısı hətta ölsə belə, gələn il keçiriləcək seçkilərdə “meyit kimi” iştirak etməli və onun adı seçki bülletenlərinınə yazılmalıdır. Xatırladaq ki, Muqabe 1980-ci ildə müharibə başa çatandan bəri Zimbabveyə prezidentlik edir.
Bu iki faktı əbəs yerə xatırlatmadım. Bunlar arasında bir neçə oxşar əlamətlər var.
İran neft ehtiyatlarına arxayın olaraq ölkəsində teokratik idarəçilik sistemi quran ölkədir. Təbiətin hədiyyəsi hesabına yalnız neftin hasilatından gəlir əldə edib azadlıq (siyasi, iqtisadi, hüquqi) anlayışına milləti tamarzı edən ölkədir. Müxtəlif mənalarla yüklənmiş hər cür özgürlüyə nifrət edir.
İran və Zimbabve kimi ölkələr öz millətlərinə azadlığın, xüsusilə iqtisadi azadlığın nə olduğunu dadızdırmamasına baxmayaraq, rəhbərlərinin iqtisadi qüdrətləri gözqamaşdırıcıdır. Hər iki ölkələrinin rəhbərləri dünyanın çox zəngin insanlarından hesab oluna bilərlər. Deməli, paradoksal situasiya orasındadır ki, dünyada yoxsul ölkələr və onların dövlət başçılarının zənginliyi arasında böyük bir zidiyyət, qarşılıqlı mənfi əlaqə mövcuddur.
Maraqlıdır ki, hansı ölkənin vətəndaşları daha çox yoxsuldursa həmin ölkələrin hökumət başçısı daha çox zəngindirlər. Hansı ölkənin ki, vətəndaşları daha çox zəngin olaraq yüksək yaşam qabiliyyətlidir, həmin ölkənin hökumət başçısı sadə vətəndaşlardan çox da zəngin olmurlar. Digər maraqlı fakt vəziyyətin nə qədər paradoksal olduğunu tam çılpaqlığı ilə meydana çıxarır. Deməli, dünyanın 48 ən yoxsul, ölkəsinin 22-i müsəlman ölkəsidir. Maraqlısı budur ki, dünyanın ən zəngin 100 insanı arasında həmin müsəlman ölkəsi olan dövlət başçılarının adları var. Bu pis idarəçiliyin, bir şəxsin iradəsinə tabe siyasi quruluşun və antidemokratik prinsiplərin nə qədər ziyanlı olduğunu bir daha ortaya qoyur.
Bütün bunlar həmin ölkələrin gözümüz önündə sanki böyük qəfəs formasında şəklin çəkir. Bəli, məhz böyük qəfəs və həmin qəfəsdə boğulmuş cəmiyyət! İllərlədir qəfəsə salınmış “quşlar” isə oradan çıxa bilmirlər. Orası isə tamam başqa mövzunun söhbətidir ki, həmin “quşların” özləridə bəlkə heç oranı tərk etmək istəmir. Mövlanənin çox bəyəndiyim bir fikri var.
Həyat bir nəfəsdir, aldığın qədər.
Həyat bir həvəsdir, daldığın qədər.
Həyat bir qəfəsdir, qaldığın qədər
Bütün obyektiv gerçəkliklərlə bərabər bir həqiqəti də gözardı etmək doğru olmaz. Həqiqətən millətin özünün razı olduğundan artıq onu köləlikdə saxlamaq mümkün deyil. İnsanın da həmçinin icazə verdiyindən artıq da onun azadlığını əlindən almaq axıracan alınmaz.Mən belə düşünürəm ki, bizim azadlığa münasibətimiz bizim azadlıqda yaşamağımız və həmin məsafənin həddini müəyyənləşdirməyimizlə ölçülür. Hər nəfəsimizlə qəfəsdən çıxmağa cəhd etdikcə, azadlığın bizim üçün həyatı əhəmiyyətinin mesajını bütün dünyaya vermiş oluruq. Mesajlarınızı əskitməyin!
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun