“Azərbaycan hakimiyyətini siyasi məhbusları qeyd-şərtsiz azad etməyə çağırırıq"

“Azərbaycan hakimiyyətini siyasi məhbusları qeyd-şərtsiz azad etməyə çağırırıq"
14 Fevral 2017
Mətni dəyiş
Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin (VCMK) Azərbaycan hakimiyyətini ölkədə siyasi repressiyalara son qoymağa və həbsdə olan bütün siyasi məhbusları qeyd-şərtsiz azad etməyə çağırır.
“Azərbaycan hakimiyyəti yerli və beynəlxalq ictimaiyyətin tələblərinə baxmayaraq, ictimai- siyasi fəallara qarşı təzyiq və təqib kampaniyasını davam etdirir. Fərqli düşüncələrə malik vətəndaşlar izlənilir, ogurlanır, işgəncələrə məruz qalır, şərlənib həbs olunur və fantastik məhkəmə cəzalarına məruz qalır”, - VCMK-nın bəyanatında deyilir.
Contact.az-ın məlumatına görə, xüsusən, “Nardaran işi” ilə bağlı davam edən məhkəmə proseslərində bu faktlar daha çox yer alıb.
“Məhkəmələr müstəqil olmadığı üçün müdafiə tərəfinin təqdim etdiyi çoxsaylı dəlil sübutları ya araşdırmaqdan imtina edir, ya da işin hallarına obyektiv və ədalətli qiymət vermir. Bunun nəticəsində heç bir cinayət törətməyən insanlar ağır maddələrlə ittiham olunaraq absurd cəza alırlar”, - bəyanatda vurğulanır.
Komitədə narahatlıq doğuran digər məsələ siyasi məhbusların səhhətidir. “Həbsdə olan Ruhulla Axundzadə qan təzyiqindən və ayaqlarına su yığılmasından, Faiq Əmirli (“Azadlıq” qəzetinin maliyyə direktoru) mədə- bağırsaq xəstəliyindən, İlkin Rüstəmzadə isə nevroz və mədə  ağrılarından əziyyət çəkir.  Acınacaqlı haldır ki, həmin şəxslərin ailə üzvlərinin və vəkillərinin aidiyyatı qurumlara dəfələrlə etdikləri müraciətə baxmayaraq,  onların müalicəsi üçün lazımi addımlar atılmır”, - sənəddə deyilir.
VCMK-nın məlumatına görə, ölkədə siyasi məhbusların sayı 160 nəfərə çatır və adambaşına düşən siyasi məhbusların sayına görə Azərbaycan Avropanın lider ölkələrindən biri sayılır.
“Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini ölkədə siyasi repressiyalara son qoymağa və həbsdə olan bütün siyasi məhbusları qeyd- şərtsiz azad etməyə çağırır”, - sənəddə vurğulanır.
Qeyd edək ki, VCMK 2009-cu ildə yaradılıb. O zaman komitəyə 10-a yaxın müstəqil QHT daxil olub. Hazırda komitədə 20 fəal iştirak edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun