Almaniya futbol yığmasının Bakıya səfər proqramı açıqlanıb

Almaniya futbol yığmasının Bakıya səfər proqramı açıqlanıb
13 Fevral 2017
Mətni dəyiş
Martın 26-da Azərbaycan milli komandası ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında üz-üzə gələcək Almaniya yığmasının Bakıya səfər proqramı müəyyənləşib.
Report-un Almaniya Futbol İttifaqının (DFB) rəsmi saytına istinadən verdiyi məlumata görə, Bundestim qarşılaşmadan iki gün əvvəl yerli vaxtla saat 14:35-də (Bakı vaxtı ilə 17:35-də) çarter reysli təyyarə ilə Düsseldorfdan yola düşəcək. Yığma üzvləri gecə saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına endikdən sonra "Boulevard Hotel"də məskunlaşacaqlar. Ertəsi gün onlar oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaqlar. Görüş isə martın 26-da saat 20:00-da başlanacaq. Qarşılaşmanın ardından qonaq komanda birbaşa hava limanına yollanaraq, gecə saat 02:20-də Frankfurta uçacaq.
DFB Almaniya yığmasının olduğu təyyarə ilə Bakıya azarkeş üçün də səfər imkanı yaradıb. Bunun üçün Bundestimin oktyabrın 8-də Azərbaycan millisi ilə ev oyununu hansı şəhərdə keçirəcəyini fevralın 20-dək hamıdan tez tapmaq lazımdır. Qalib şəxs özü ilə dostunu və ya rəfiqəsini də götürə bilər.
Qeyd edək ki, Almaniya - Azərbaycan matçı Kayzerslauterndə 47 min 500 tamaşaçı tutumuna malik “Frits Valter Ştadion”da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun