Ali Məhkəmə Xədicə İsmayılın kassasiya şikayətini təmin etməyib

Ali Məhkəmə Xədicə İsmayılın kassasiya şikayətini təmin etməyib
17 Fevral 2017
Mətni dəyiş
Ali Məhkəmə araşdırmaçı jurnalist Xədicə İsmayılın Cinayət Məcəlləsinin (CM) 192-ci maddəsi (qanunsuz sahibkarlıq) ilə təyin olunmuş cəzadan azad olunmasından imtina edib.
Qərar fevralın 16-da keçirilən iclasda elan olunub.
"Azadlıq Radiosu" xəbər verir ki, bu haqda jurnalistin vəkillərindən Fariz Namazlı məlumat verib.
Vəkilin bildirdiyinə görə, qanunvericiliyə edilən və ötən ilin iyunundan qüvvəyə minən dəyişiklikdən sonra CM-nin 192-ci maddəsinin dispozisiyası konkretləşdirilib.
Əvvəl həmin maddədə ümumilikdə “dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərmək”dən bəhs olunurdu. Dəyişiklikdən sonra isə konkret göstərilib ki, söhbət vergi uçotuna alınmadan və ya lisenziya almadan göstərilən sahibkarlıq fəaliyyətindən gedir. Jurnalistika isə lisenziyalı fəaliyyət növü deyil.
X.İsmayıla CM-nin 192.2.2-ci maddəsi ilə verilən ittihamda isə qeyd edilir ki, o, Azərbaycanda akkreditasiyadan keçmədən AzadlıqRadiosu-nda çalışıb, 2010-2014-cü illərdə 79 min 480 manat gəlir əldə edib.
Ali Məhkəmədən qanunvericiliyə dəyişikliyi nəzərə alaraq, X.İsmayılın CM-nin 192-ci maddəsi ilə təyin olunmuş cəzadan azad edilməsi istənilib.
Ancaq hakimlər kollegiyası Apellyasiya Məhkəməsinin şikayət üzrə qərarını əsaslı hesab edərək, kassasiya şikayətini rədd edib.
Həmin qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət olunacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun