ABŞ Avropaya dost olmayan münasibət göstərə bilər

ABŞ Avropaya dost olmayan münasibət göstərə bilər
23 Fevral 2017
Mətni dəyiş
"The Telegraph" qəzetinin yazdığına görə Donald Trump-ın baş strateqi deyib ki, Britaniya Avropa İttifaqını tərk etdikdən sonra, bu ittifaq ABŞ-dan heç də dost münasibət gözləməməlidir.
Bəzi məlumatlara əsasən Steve Bannon Almaniyanın Washington-dakı səfirinə deyib ki, Birləşmiş Ştatlar gələcəkdə Avropa İttifaqı ölkələri ilə ayrı-ayrılıqda ikitərəfli münasibətlərə üstünlük verəcək.
Bəzi mənbələrin Reuters agentliyinə dediyinə görə Ağ Evin baş strateqi səfir Peter Wittig-ə deyib ki, o Aİ-ni qüsurlu qurum hesab edir.
Bu da xəbər verilir ki, bu söhbət ABŞ vise-prezidenti Mike Pence Brüsselə səfər etməzdən bir həftə əvvəl yer alıb. Pence-in bu səfərindən məqsədi Avropa İttifaqını prezident Donald Trump-ın "sarsılmaz" dəstəyinə əmin etmək idi.
Mənbələr bildirirlər ki, Ağ Evin verdiyi bütün zəmanətlərə baxmayaraq ABŞ-dan Aİ-yə qeyri-dost münasibət gözlənilir.
Almaniya hökuməti və səfir Wittig görüşün məxfiliyini əsas gətirərək şərh verməkdən boyun qaçırıblar.
Ağ Ev rəsmiləri Reuters-in mənbələri tərəfindən verilmiş informasiyanın düzgün olmadığını bildiriblər.
"Onlar cəmi üç dəqiqə ayaqüstü söhbət ediblər" - deyib bir Ağ Ev rəsmisi.
Sözü gedən mənbə isə bildirir ki, Bannon-un verdiyi mesaj onun 2014-cü ildə Vatikan konfransındakı çıxışına bənzəyir. O vaxt Bannon demişdi ki, Avropa "millətçilik üçün əsnəyir" və şəxsən o "pan-Avropa deyilən bir şeyə inanmır".
Narahatlıq doğuran budur ki, Trump-ın özü də Britaniyanın Avropa İttifaqından çıxmasını alqışlayıb.
Avropa İttifaqında missiyasını başa vurmaqda olan ABŞ səfiri Anthony Gardner deyib ki, prezident Trump-ın seçki komandası Avropa İttifaqını daha hansı ölkələrin tərk edə biləcəyi ilə maraqlandırdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun