700 min insanın ölümünə bais 40 min insanın siyahısı

700 min insanın ölümünə bais 40 min insanın siyahısı
7 Fevral 2017
Mətni dəyiş
"The Guardian" yazır ki, Andrey Jukov 1993-cü ildən bəri həftədə üç dəfə saatlarla ömrünü Moskva arxivlərində keçirib və Stalinin gizli polisi - Xalq Daxili İşlər Komissarlığının və ya rusca və qısaca NKVD-nin verdiyi sanksiyaları və onları imzalayanların adlarını araşdırıb.
Bu ağır zəhmətin bəhrəsi olaraq NKVD-nin böyük terror illərində, daha dəqiq deyilsə, 1937 və 1938-ci illərdə repressiya edilmiş 1,5 milyon insanın həyatını alt-üst edənlərin adları faş olub. Bu iki il ərzində 1,5 milyon həbs edilmiş "xalq düşmənindən" 700 mini güllələnib və onlara ölüm hökmü çıxaran müstəntiqlər və edam icraçılarının da adları və sayı bəlli olub. Bu siyahıda 40 mindən artıq çekistin adı var.
Moskva ətrafında yaşayan 64 yaşlı Jukov "The Guardian" qəzetinə deyib ki, onun araşdırmasının arxasında heç bir siyasi motiv və məqsəd durmur.
"Mən sadəcə olaraq məxfi şeyləri aşkar etməyi həmişə xoşlamışam" - deyib Jukov.
Lakin tarixçilər dərhal başa düşüblər ki, Jukov olduqca böyük bir iş görüb. Memorial təşkilatı Jukovun aşkara çıxardığı adların siyahısını ötən yay CD-lərə yazıb və ötən noyabrda bu adlar internetə yüklənib.
Memorial təşkilatının həmsədri Yan Raçinski deyib ki, belə möhtəşəm işin öhdəsindən adətən təhqiqatçılar qrupu gəlir.
Jukov öz evində bu adlardan ibarət kartoteka yaradıb.
Raçinski deyir ki, bu siyahıda olanların hamısı ucdantutma cəllad deyil. Onların arasında elələri də var ki, adam güllələmək istəmədiyinə görə özünü güllələyiblər. Amma siyahıdakıların böyük əksəriyyəti bu və ya digər şəkildə yarım milyondan artıq insanın qətlində iştirak edib.
Memorialın başqa bir tarixçisi, Nikita Petrov deyir ki, NKVD əməkdaşları arasında entuziastlar da, karyeristlər də vardı. 1930-cu illərdə, bütün SSRİ boyunca yoxsulluq və aclıq yaşananda bu təşkilat öz işçilərinə yaxşı baxır, onları yedizdirib-içizdirir, əyinlərini geyindirirdi. Amma bu adamlar bilmirdilər ki, bir neçə ildən sonra minlərlə insanın qətlinə hökm verəcəklər.
Memorial təşkilatı əvvəllər yalnız repressiya qurbanları ilə maraqlanırdı. Onların siyahısında artıq 2 milyon 700 min repressiya olunmuş insanın adı var. Bu il bu siyahıya daha 600 min nəfərin adları əlavə olunacaq.
Raçinski deyir ki, bura hələ sürgün olunanların və ya deportasiya edilənlərin adları daxil edilməyib. Repressiya olunanların sayı təxminən 12 milyon nəfərə çatmalı idi.
Bu da qeyd olunmalıdır ki, NKVD-nin bəzi arxivləri hələ də bağlıdır.
Rusiyada həyata keçirilən daha bir layihə "Son ünvan" adlanır. Bu layihəyə görə, qurbanların qohumları onların adları yazılmış lövhələrin vaxtilə yaşadıqları binalara vurulması üçün müraciət edə bilərlər.
Bu layihənin təşəbbüsçüsü, jurnalist Sergey Parxomenko deyir ki, indiyədək 1500 müraciət daxil olub və 300 lövhə artıq binaların divarlarına vurulub.
Jukov xatırlayır ki, internetdəki tarix forumlarından birində bir nəfər babasının müharibə zamanı göstərdiyi qəhrəmanlıqlara görə aldığı orden-medallarla öyünürmüş. Sonradan bəlli oldu ki, bu adamın babası NKVD adamgüllələyənlərin vzvod komandiri olub.
"The Guardian" yazır ki, elə tək bu əhvalat bu mövzunun Rusiyada nə qədər həssas olduğunu göstərir.
Buna görə də indiyədək 1930-cu illərin repressiyalarından vaxtaşırı bəhs olunub. Məsələn, elə ötən il Moskvada Gulag adlı muzey də açılıb. Lakin hələ indiyədək Rusiyada bircə dərslikdə də bu repressiyalar "cinayət" adlandırılmır.
Petrov deyir ki, yaxın gələcəkdə Moskvada repressiya qurbanları üçün abidənin ucaldılması planlaşdırılır. Buna baxmayaraq elə bir təəssürat oyanır ki, bu adamlar sunami və ya hər hansı başqa təbii fəlakətin qurbanları olublar və burada nə cani olub, nə də cinayət.
"Problem onda deyil ki, Putin Stalini dəstəkləyir. Yox, əslində dəstəkləmir. Hətta yeri gələndə onu pisləyir də, - deyir Raçinski, - Problem ondadır ki, Putin dövlətin cinayətkar olmasını qəbul edə bilmir. Elə buna görə də Sovet repressiyalarının qurbanları anılsa da, onların zülmkarlarına indiyədək az diqqət yetirilib".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun