Ədliyyə nazirliyinin Probasiya xidməti yaradılıb

Ədliyyə nazirliyinin Probasiya xidməti yaradılıb
11 Fevral 2017
Mətni dəyiş
Prezidenti İlham Əliyev fevralın 10-da penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə nazirliyinin Probasiya xidməti yaradılıb.
Probasiya xidməti dedikdə azadlıqdan məhrumetmə cəzasını əvəz edən cəzalar başa düşülür.
Sənəddə, cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir İnformasiya Kommunikasiya Texnologiyalarından (İKT) istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması tapşırılıb.
Baş Prokurorluğa tövsiyələr, Ədliyyə nazirliyinə tapşırıq
Sərəncamla Ali Məhkəməyə, Baş Prokurorluğa tövsiyələr, Ədliyyə nazirliyinə tapşırıq verilib.
Söhbət, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə xüsusilə iqtisadi sahədə cinayətlərin dekriminallaşdırılması, sanksiyalara azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və bu istiqamətlərdə qanun layihələrini hazırlayıb iki aya prezidentə təqdim etməkdən gedir.
Həmçinin Ədliyyə Nazirliyi Probasiya xidmətinin təşkili ilə əlaqədar təkliflərini bir ay, elektron nəzarət vasitələrinin tətbiqi məqsədilə normativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə dair təkliflərini də Baş Prokurorluq ilə həmin müddətə prezidentə verməlidirlər. Məhkumların ictimai işlər növündə cəzanı çəkməkdən yayınmasına şərait yaradılmasına görə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edən qanun layihəsi isə hazırlanıb iki ay müddətində təqdim edilməlidir.
Məhkəmələrə tövsiyə olunub ki,…
Məhkəmələrə tövsiyə olunub ki, həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar. Bununla bağlı təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar. Cəzanın növünü, həddini müəyyən edərkən onun sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə isə tapşırılıb ki, Ədliyyə Nazirliyinin təklifləri əsasında penitensiar xidmətin müddətli həqiqi hərbi xidmət qulluqçuları ilə tam komplektləşdirilməsini təmin etsinlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun