"Virtual məkanı nəzarət altına almaq mümkün deyil"

"Virtual məkanı nəzarət altına almaq mümkün deyil"
26 Yanvar 2017
Mətni dəyiş
Virtual məkan üzərində tam hüquqi tənzimləmə həyata keçirmək mümkün deyil, çünki o, ayrı-ayrı dövlətlərin hüdudlarından kənara çıxır.
Bu fikri Turan agentliyinin "Çətin sual" verilişinə müsahibəsində media hüquqları sahəsində ekspert Ələsgər Məmmədli Mətbuat Şurasının sədri Əflatun Amaşovun sosial medianı tənzimləyən ayrıca qanun qəbul etmək təklifini şərh edərkən bildirib.
Məmmədlinin sözlərinə görə, 2016-cı ildə Azərbaycanda artıq İnternetdə fəaliyyətlə bağlı qəbul edilmiş qanunvericilik aktları var idi. Belə ki, CM-ə sosial şəbəkələrdə böhtan və təhqirə görə cəza müəyyən edilməsi haqqında 148-1-ci maddə əlavə edilmişdi. Bu zaman ayrı-ayrı şəxslərlə birlikdə, prokurorluq da diffamasiyaya görə cinayət işləri təşəbbüsü irəli sürmək hüququ əldə edib. Doğrudur, söhbət diffamasiyaya anonim profildən yol verildiyi hallardan gedir.
Digər tərəfdən, Azərbaycan CM-də yazılıb ki, Məcəllə yalnız ölkə ərazisində törədilmiş əməllərə şamil olunur. İnternet isə virtual məkandır.
İnstagram, Facebook və Twitter kimi məşhur resurslar Azərbaycanın ərazi yurisdiksiyasına aid olmayan com domenində qeydiyyatdan keçirilib.
Sosial medianı nəzarət altında saxlamaq cəhdi bunun Azərbaycanda qismi ifadə azadlığının olduğu, müzakirələr aparıldığı, istifadəçilərin ictimai rəyin formalaşmasına təsir edə bildiyi yeganə yer olmasından irəli gəlir.
Ekspert həmçinin qeyd edib ki, İnterneti ciddi şəkildə tənzimləmək cəhdi Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinə ziddir.
Azərbaycanda bu sahədə onsuz da problemlər var, belə ki, diffamasiyaya görə cinayət məsuliyyəti mövcuddur və təcrübədə tətbiq olunur.
Məmmədli hesab edir ki, İnternetdə sosial şəbəkələri tənzimləyən məhdudlaşdırıcı qanun qəbul edilərsə, bu, hakimiyyəti "Azərbaycanda İnternetin azad olması" arqumentindən məhrum edəcək.
Məmmədli ənənəvi KİV-də də problemlər olduğunu qeyd edib. Belə ki, Milli Teleradio Şurası regional telekanallara lisenziyaları simicliklə verir. Rəqəmsal yayıma keçidlə əlaqədar Gəncədə "Alternativ", Zaqatalada "Aygün", Qubada "Qütb" regional kanalları işini dayandırıb.
1989-cu ildən dərc olunan müxalif "Azadlıq" qəzeti 2016-cı ildə çap buraxılışını dayandırmaq məcburiyyətində qalıb. ANS telekanalı lisenziyadan məhrum edilib.
Məmmədlinin fikrincə, azad media mühiti durmadan daralır. Hökumət vəziyyəti yaxşılaşdırmaq üçün ifadə azadlığı sahəsinə müdaxilə etməməli, jurnalistləri təqib etməməli, medianı siyasi mövqelərinə görə bölməməli və fərqləndirməməli, "Açıq Hökümət" prinsiplərinə riayət etməlidir. Reklamverənlər reklamı istədikləri yerdə yerləşirmək üçün seçim azadlığına malik olmalıdırlar.
Məmmədli həmçinin Lider TV telekanalının Lavrova sual verən Rusiyadakı xüsusi müxbirinin işdən çıxarılmasının əsassız olduğunu qeyd edib. Onun sözlərinə görə, jurnalistin peşə funksiyalarını yerinə yetirdiyinə görə işdən azad edilməsi yolverilməzdir.
Bu halda o, RF-nin Qarabağ məsələsi üzrə əsl mövqeyini göstərən cavaba nail olmaqla, öz funksiyasını yaxşı yerinə yetirib, deyə Məmmədli qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun