Türkiyə polisinin şəklini yaydığı şübhəli terror günü İstanbulda deyilmiş

Türkiyə polisinin şəklini yaydığı şübhəli terror günü İstanbulda deyilmiş
3 Yanvar 2017
Mətni dəyiş
Qırğızıstan milli təhlükəsizlik komitəsinin əməkdaşları İstanbulda terror aktı törətməkdə şübhəli bilinən Yahya Mashrapovu sorğu-sual ediblər.
Bu barədə AzadlıqRadiosunun Qırğızıstan xidmətinə komitənin nümayəndəsi Rahat Sulaymanov məlumat verib.
Bundan əvvəl sosial şəbəkələrdə şübhəli şəxs kimi onun pasportdakı fotosu və selfisi yayılmışdı.
Sulaymanov sorğu-sualın detalları barədə açıqlama veriləcəyini deyir.
Mashrapovun özü Turmush.kg saytına müsahibəsində İstanbuldakı gecə klubunda törədilən terror aktı ilə heç bir əlaqəsi olmadığını bildirib.
Onun sözlərinə görə, dekabrın 28-də İstanbula uçub, 30-da isə Qırğızıstana qayıdıb.
31 dekabrda Qırğızıstanda olub, 1-də yenidən İstanbula dönüb, 3-də isə yenidən Bişkekə qayıdıb.
“İstanbul hava limanında təyyarəyə oturdum. Bu vaxt hüquq-mühavizə orqanlarının əməkdaşları içəri girərək məni təyyarədən çıxardılar. Onlar məni 1 saat sorğu-suala tutdular.Nəticədə Bişkek reysi gecikdi. Onlar bunun Yeni il axşamı törədilən terrorla bağlı olduğunu dedilər və bildirdilər ki, şəkildə zahirən bir qədər cinayətkara oxşayıram.Üzr istədilər və məni yenidən təyyarəyə buraxdılar”, deyə Mashrapov bildirib.
Qeyd edək ki, Yeni il axşamı İstanbuldakı “Reina” gücə klubuna edilən silahlı hücumda azı 39 nəfər ölüb, 69 nəfərsə yaralanıb.
Yerli KİV-lər bundan əvvəl polisə istinadla hücum edənin Özbəkistan və ya Qırğızıstan vətəndaşı olması barədə məlumat yaymışdılar.
***
Yanvarın 1-də İstanbulun Zeytunburun rayonunda yaşayan özbəklərin evlərində axtarış aparılıb.
AzadlıqRadiosu Özbəkistan xidmətinin bu rayonda yaşayan mobil reportyorunun verdiyi məlumata görə, əməliyat 4 saat sürüb.
Şübhəli miqrantlar Kumkapı rayonundakı deportasiya mərkəzinə aparılıblar.
Deportasiya mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, polis onların Türkiyədə yaşayış və iş icazəsi, həmçinin onların beynəlxalq axtarışda olub-olmamasını araşdırıb.
Əməliyyatı zamanı çəkiliş aparılmasına icazə verilməyib.
Müxbirin məlumatına görə, axtarış aparılan evlərdə əsasən Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan vətəndaşları, həmçinin uyğur və çeçenlər yaşayırmışlar.
Qeyd edək ki, “Hürriyet” qəzeti bundan əvvəl yeni il axşamı İstanbuldakı gecə klubuna edilən silahlı hücumun Özbəkistan və ya Qırğızıstan vətəndaşı tərəfindən törədilə bilməsi barədə məlumat yaymışdı.
Yerli sosial şəbəkələrdə ölkədə sakitliyi pozan xaricilərin Türkiyədən deportasiya edilməsi ilə bağlı çağırışların artdığı müşahidə olunur.
AzadlıqRadiosunun Qırğızıstan xidmətinin İstanbuldakı müxbiri Elvira Budayçiyeva deyir ki, bu terror aktında özbək və ya qırğızların adının hallanması miqrantlar, xüsusilə də tələbələr arasında narahatlıq doğurur.
Amma müxbir qeyd edir ki, Türkiyə cəmiyyətində onlara qarşı elə bir əhval-ruhiyyə hiss olunmur, çünki bilirlər ki, adi miqrantların terrorçularla heç bir əlaqəsi yoxdur.
Qeyd edək ki, Yeni il axşamı İstanbuldakı “Riena” gecə klubuna edilmiş silahlı hücumda azı 39 nəfər ölüb, 69 nəfərsə xəsarət alıb.
Kütləvi informasiya vasitələrinin məlumatına görə, avtomat ”Kalaşnikov”la silahlanmış terrorçu avtomatın darağını 7 dəfə dəyişib.
Rəsmi məlumata görə, ölənlərdən 16-sı xaricilərdir, amma onların arasında Özbəkistan vətəndaşı yoxdur.
Hücuma görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun