"Səkinə həkim bacarıqsızlığı və məsuliyyətsizliyi nəticəsində vəfat edib"

"Səkinə həkim bacarıqsızlığı və məsuliyyətsizliyi nəticəsində vəfat edib"
6 Yanvar 2017
Mətni dəyiş
“Biz ancaq son anda bacım gəlinin üzünü gördük, ona da artıq Səkinəni süni nəfəs aparatına qoşmuşdular və aydın idi ki, onun yaşama ehtimalı çox aşağıdır”.
Bunu “Turan”a Gəncə şəhərindəki Abbas Səhhət adına xəstəxanada doğuşdan sonra dünyasını dəyişən 23 yaşlı Tovuz rayon sakini Səkinə Əsgərovanın qohumu İntizam Məmmədov bildirib.
Onun sözlərinə görə, öncə S.Əsgərovanı Tovuz rayon xəstəxanasına gətiriblər, amma burada həkimlər onu Gəncəyə aparmağı məsləhət görüblər: “Biz də xəstəni ambulatorla yanvarın 4-də Gəncəyə gətirdik, burada Abbas Səhhət adına xəstəxanaya yerləşdirildi. Bundan sonra onun üzünü görə bilmədik. Dəfələrlə həkimdən vəziyyətini soruşsaq da bizə cavab vermədilər”.
İ.Məmmədov deyir ki, qadın xəstəxanaya daxil olan kimi əməliyyata götürülüb, əməliyyatdan isə çıxmayıb. Yanvarın 4-də  əməliyyatdan çox sonra cərrahiyyə otağına daxil olaraq qadını görüblər, onda da S.Əsgərovanın sağlıq durumu çox pis olub. “Həkimlər ölümə səbəb kimi gah qanaxmanı, gah doğuşdan sonra  böyrək çatışmazlığını göstərdilər. Amma bunların heç biri inandırıcı deyil, bu sadəcə həkim bacarıqsızlığının və məsuliyyətsizliyinin nəticəsidir, qalan bütün dedikləri özlərinə bəraət qazandırmaq üçündür”-deyə İ.Məmmədov mövqeyini bildirir.
Onun sözlərinə görə, həkimlərdən hadisənin baş verməsini açıqlamağı tələb etdikdə xəstəxana rəhbərliyi xəstəxanaya polis qüvvələri çağırıb, dünyasını dəyişən S.Əsgərovanın yaxınlarını zor tətbiq edərək xəstəxana həyətindən çıxarıblar: “Cənazəni bizə yanvarın 5-i gecə saatlarında verdilər, biz də Tovuza gələrək İbrahimhacılı kəndində dəfn etdik bacım gəlinini. Hələlik şikayət etməmişik, hüzr mərasimi başa çatsın, hüquq-mühafizə orqanlarına şikayət edəcəyik, qoy araşdırılsın görək ki, bacım qızının ölümünün səbəbi nədir? Əgər buna görə günahı olan aşkarlansa qoy günahlarına görə cəzalarını çəksinlər”.
Körpənin durumuna gəlincə, İ.Məmədov deyir ki, xəstəxandan onlara deyilənə görə, körpənin durumu normaldır, amma başları bu hadisəyə qarışdığına görə hazırda necə olması barədə xəbərləri yoxdur.
Xəstəxanadan bu barədə yalnız baş həkimin sualları cavablandıra biləcəyini desələr də baş həkimlə əlaqə yaratmaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun