Natiq Cəfərli prokurorluqda dindirilib

Natiq Cəfərli prokurorluqda dindirilib
30 Yanvar 2017
Mətni dəyiş
Respublikaçı Alternativ (ReAl) Hərəkatının icraçı katibi Natiq Cəfərli Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib.
Natiq Cəfəli yanvarın 27-də Baş prokurorun "haqqin.az və virtualaz.org saytlarında dərc olunmuş "İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı" başlıqlı məqalədə əksini tapmış xüsusatlarla bağlı ciddi araşdırmalar aparılmasına dair müvafiq göstərişlərindən" sonra ifadə verməyə çağrılıb, ReAL üzvləri deyir.
Baş prokurorluğun sözçüsü Eldar Sultanov məlumatı təsdiqləyərək araşdırmanın Baş prokurorun göstərişi əsasında Baş prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi tərəfindən aparılacağını deyib.
Cənab Sultanov araşdırmanın nəticələri barədə ictimaiyyətin məlumatlandırılacağını qeyd edib.
Natiq Cəfərli saytlarda yayımlanmış məlumatı "yalan və absurd" adlandırıb və bazar ertəsi dindirilmə zamanı İran səfirliyinin nümayəndəsinin ReAl-ın ofisinə gəlişi ilə bağlı dindirildiyini qeyd edib.
"İran səfirliyinin nümayəndəsinin ReAl ofisinə gəlməsi ətrafında suallar verildi. Çox mədəni şəkildə və təzyiqlə üzləşmədən istintaq aparıldı. Deyildi ki, məlumatla bağlı araşdırma aparılır", cənab Cəfəli bildirib.
Natiq Cəfərli araşdırmanı "ReAl-a qarşı növbəti təzyiq dalğası" adlandırır.
O, araşdırmanın nə ilə nəticələnəcəyini deməyin çətin olduğunu qeyd etsə də, əlavə edib ki, hərəkatın idarə heyətinin üzvlərinin yenidən dindirilməyə dəvət alacağını ehtimal edir.
Şənbə günü bu məsələ ilə bağlı ifadə verən ReAl-ın idarə heyətinin üzvü Azər Qasımlı baş verənləri hərəkata qarşı "şər və böhtan" adlandırıb.
Cənab Qasımlı bildirib ki, yanvarın 19-da Natiq Cəfərli və Erkin Qədirli ilə birgə İran İslam Respublikasının Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arifzadə ilə görüşdükdən yarım saat sonra görüş barədə rəsmi məlumat verilib və fotoşəkillər paylaşılıb.
Azər Qasımlı görüşün İran səfirliyinin istəyi ilə baş tutduğunu və tanışlıq xarakteri daşıdığını vuğrulayıb.
"Biz dəfələrlə ABŞ Britaniya, Almaniya, Niderland, Fransa və digər səfirliklərin nümayəndələri və ya səfirləri ilə görüşmüşük. İran səfirliyinin nümayəndəsi ilə ölkələr arasında münasibətlər, siyasi, iqtisadi, xarici siyasət məsələləri və perspektivləri barədə müzakirələr edildi. 10 gündən sonra görüş haqqında belə yazının çıxması bizə də bəlli deyil. Oyundur. Yalandan gizli görüşdür deyə yazırlar", cənab Qasımlı deyib.
İran İslam Respublikasının Azərbaycan səfirliyindən isə məsələ ilə bağlı şərh almaq hələlik mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun