Praqada Azərbaycandakı "siyasi məhbus" probleminə həsr edilmiş fotosərgi açılacaq

Praqada Azərbaycandakı "siyasi məhbus" probleminə həsr edilmiş  fotosərgi açılacaq
24 Yanvar 2017
Mətni dəyiş
Fevralın 2-də Çexiyanın paytaxtı Praqada Azərbaycanda "siyasi məhbus" probleminə həsr edilmiş "Məsafə" adlı fotosərgi açılacaq.
Bu barədə məlumatı "Demokratiya naminə İncəsənət" (Art for Democracy) kampaniyası yayıb.
Fotoqraf Cahangir Yusifin "Distance/Məsafə" adlı foto layihəsi 2014-cü ildə həyata keçiriləcəkdi. Layihə rəhbəri - hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsindən sonra təxirə salınmışdı. "Layihə Azərbaycanda siyasi fəaliyyətinə görə repressiya ilə üzləşmiş, siyasi məhbusları və onların ailə üzvlərini əhatələyir", – layihə müəllifləri bildirirlər.
"Art for Democracy" kampaniyasının məqsədi ölkədə insan haqlarının, demokratik təsisatların durumuna diqqət yönəltməkdir. 2012-ci ildə Bakıda keçirilən "Eurovision" mahnı yarışması ərəfəsində "Sing for Democracy" ("Demokratiya naminə oxu") kampaniyası başladılmışdı. Sonradan bu kampaniya adını "Art for Democracy"yə dəyişdi.
Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycanda 100-dən çox insanın siyasi motivlərlə həbs olunduğunu bildirir. Amma, hakimiyyət təmsilçiləri "siyasi məhbus" terminini qətiyyətlə rədd edir, hər kəsin konkret cinayətə görə həbs cəzası çəkdiyini, ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun