MSŞT Koalisiyası Fuad Qəhrəmanlı və Asif Yusiflinin azadlığa buraxılmasını tələb edir

MSŞT Koalisiyası Fuad Qəhrəmanlı və Asif Yusiflinin azadlığa buraxılmasını tələb edir
28 Yanvar 2017
Mətni dəyiş
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası yanvarın 25-də “Nardaran işi” üzrə 10 il azadlıqdan məhrum edilən qurum üzvü Fuad Qəhrəmanlının barəsində hökmü pisləyən bəyanat yayıb.
Əslində F.Qəhrəmanlı Nardaranda xüsusi əməliyyat zamanı güc qurumlarının hərəkətlərini pislədiyinə və saxlanılan dindarların əsassız təqib olunduğunu tənqid etdiyinə görə 2015-ci il dekabrın 8-də həbs olunub.
O, CM-in 281.2-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma), 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) və 220.2- ci maddələri ilə (İğtişaşlara çağırış) təqsirli bilinib. Əslində o, Facebook- da etik və qanun çərçivəsində yazdığı tənqidi yazılara, ictimai- siyasi fəallığına görə həbs olunub.
Bu səbəbdən yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları onu siyasi məhbus, nüfuzlu Amnesty İnternational təşkilatı isə “vicdan məhbusu” elan edib.
Bəyanatda deyilir ki, F.Qəhrəmanlının həbsi MSŞT standartlarının və prinsiplərinin pozulması kimi dəyərləndirilir.
MSŞT-nin vətəndaş cəmiyyəti protokolunda qeyd olunur ki, “vətəndaş cəmiyyəti MSŞT ilə bağlı məhdudiyyətsiz, məcburiyyət və repressiyaya məruz qalmadan öz fikirlərini ifadə edə, sərbəst şəkildə fəaliyyət göstərə bilirlər”.
Koalisiya xatırladır ki, qurumun daha bir keçmiş  üzvü , Qarabağ qazisi Asif Yusifli də 2 ildən çoxdur ki, qanunsuz həbs həyatı yaşayır. O, qanunvericiliyə edilmiş son dəyişikliyə rəğmən haqq etmədiyi cəzanı artıqlaması ilə çəksə də yenə də həbsdə saxlanılır.
Koalisiya öz üzvlərinə qarşı repressiyaların dayandırılmasına, Fuad Qəhrəmanlı və Asif Yusiflinin həbsdən azad edilməsinə çağırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun