Həbs edilmiş cəbrayıllı köçkünlərə vəkillə görüş verilmir

Həbs edilmiş cəbrayıllı köçkünlərə vəkillə görüş verilmir
9 Yanvar 2017
Mətni dəyiş
Vəkil: “Səbəb prokurorluğa göndərdiyim müraciətə gec baxılmasıdır”
Biləsuvarda məskunlaşdıqları qəsəbənin işığının kəsilməsinə etiraz edən Cəbrayıl köçkünlərinə vəkillə görüş verilmir.
Bu barədə Meydan TV-yə vəkil Elçin Sadıqov deyib. O görüşün yubanmasına səbəb prokurorluğa göndərdiyi müraciətə gec cavab verilməsi olduğunu deyib:
“Ötən ilin sonundan müraciət etmişəm. Hələ ki, cavab yoxdur”.
E.Sadıqov həbslərlə bağlı apellyasiya şikayəti verdiklərini də söyləyib:
“İşə Şirvan Apellyasiya Məhkəməsinə baxılacağı gözlənilir. Hələ ki, Apellyasiya Məhkəməsinin vaxtı müəyyənləşməyib. Bu həftədən o yana keçəcəyini düşünmürəm”.
2016-cı il dekabrın 22-də Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Onlar qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsindən narazılıqlarını dilə gətiriblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma olub.
Aksiya zamanı saxlanan Gülağa Əliməmmədov, Cəlal Quliyev və İlkin İsgəndərov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Onlar CM-in 186.2.2 (özgə əmlakı məhvetmə, partlatma və yandırma ), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittiham edilirlər.
Rəsmi məlumatda o da qeyd edilirdi ki, 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 1 xidməti avtomobilin şüşələri sınıb.
Ancaq sakinlər AzadlıqRadiosuna bildirmişdilər ki, hadisələr zamanı cəmi bir polis xəsarət alıb, aksiyaçılar arasında xəsarət alanlar isə çoxdur.
Sonradan daha 2 nəfərin eyni ittihamla həbs edildiyi bildirildi. Elçin Sadıqov onlardan Cəlal Quliyev və Zaur Feyruzlunun vəkilidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun