Güneyli fəala 10 il həbs, 2 il sürgün cəzası verilib

Güneyli fəala 10 il həbs, 2 il sürgün cəzası verilib
29 Yanvar 2017
Mətni dəyiş
İranda Azərbaycan türklərinin milli-mədəni haqları uğrunda apardığı dinc fəaliyyətinə görə Tehranın Evin zindanında saxlanılan tanınmış azərbaycanlı fəal Siyamək Mirzayi 10 il həbsə və 2 il sürgünə məhkum edilib.
Güney Azərbaycan mənbələrinin yaydığı məlumata əsasən, Tehrandakı Gülüstan inqilab Məhkəməsinin katibi, yanvarın 20-də şifahi şəkildə fəalın yaxınlarına bildirib ki, Siyamək Mirzayi, məhkəmənin hakimi, Həsəni tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq məqsədilə qanunsuz qurum yaratmaqda günahlandırılaraq 10 il həbsə və 2 il sürgünə məhkum edilib. O, hazırda Tehranın Evin zindanının 209-cu korpusunda saxlanılan fəalın haraya sürgün ediləcəyini açıqlamayıb.
Bildirilir ki, hökm, yazılı şəkildə azərbaycanlı fəalın vəkilinə elan edilməyib və şifahi şəkildə məhkəmə hakiminin katibi tərəfindən elan edildiyinə görə hələ tam qəti təsdiqini tapmayıb.
Xatırladaq ki, “ETTELAAT” əməkdaşları, Siyamək Mirzayini 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərində, şəxsi ərzaq mağazasında tutublar. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. Fəal, tutularkən ona qarşı zorakılıq tətbiq edilib, təhqir olunub. Fəalın mənzilində yoxlama aparılıb, ona məxsus kitablar, kompüter və bir sıra digər şəxsi əşyalar götürülüb.
Siyamək Mirzayi 2016-cı ilin oktyabrında da “xaricilərlə əlaqələrdə” ittiham edilələk 5 saat saxlanmışdı.
Məhkəməni yaxından izləyən Siyamək Mirzayi-nin atası bildirib ki, oğlu bütün ittihamları rədd edib.
“Biz azərbaycanlı, türk, müsəlmanıq”
Facebook, Tvitter sosial şəbəkələrində Siyamək Mirzayi İran azərbaycanlılarının milli kimliyi uğrunda mübarizə aparan şəxs kimi təsvir edirlər. Sosial şəbəkələrdə yayılmış videoda 9-cu əsr Xürrəmilər hərəkatının məskəni olan Bəzz qalasında Siyamək Mirzayi deyir ki, Babək və onun hərakatı iran azərbaycanlılarına öz milli kimliklərini indiyə qədər saxlaya bilməsində böyük rol oynayıb. O vurğulayır ki, dinə və digərlərinə qarşı mübarizə aparmırlar: “Biz müsəlmanıq, amma azərbaycanlı, türk müsəlmanıyıq”, o deyir. Siyamək Mirzayi çıxışını “bölünmüş vətən”dən bəhs edən şeirlə bitirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun