Gəncədə qeysəriyyə əməliyyatı zamanı ölən qadının atası həkimləri səhlənkarlıqda ittiham edib

Gəncədə qeysəriyyə əməliyyatı zamanı ölən qadının atası həkimləri səhlənkarlıqda ittiham edib
5 Yanvar 2017
Mətni dəyiş
Gəncə şəhərində qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişən Tovuz rayon sakini, 1992-ci il təvəllüdlü Səkinə Məmmədovanın atası Rasim Məmmədov "Report"a müsahibə verərək bildirib ki, onun qızının ölümünə həkim səhlənkarlığı səbəb olub.
"Bu, qızımın 2-ci doğuşu idi. İlk doğuşu da 2 il əvvəl Tovuz rayon Mərkəzi Xəstəxanasında qeysəriyə əməliyyatı ilə olub. O zaman heçbir problem yaşamadıq. Bu il isə Tovuzdakı həkim bizi Gəncəyə göndərdi. Buna səbəb kimi ana bətinindəki uşağın həyatında problem olacağından ehtiyat etdiklərini dedilər. Bizdə gecə qızımızı tibbi yardım maşını ilə Gəncədəki 1 saylı Abbas Səhhət adına Xəstəxananın Doğum Şöbəsinə apardıq. Orada qızımı əməliyyata aldılar və oğlan nəvəm dünyaya gəldi. Bir müddətdən sonra həkim bizə təcili qan lazım olduğunu dedi. Birinci qan qrupu olan qızımda əməliyyat nəticəsində kəskin qanaxma olduğunu bildik. Bizdən bir neçə litr qan aldılar. Məndə, qanı 1-ci qrup olan digər qohumlar da qan verdik. Gecə saat 2-də bizə dedilər ki, hər şey normaldır, narahat olmayın".
Ailə üzvləri sonradan biliblər ki, səhərə yaxın əməliyyata özəl xəstəxanaların birindən başqa cərrah həkim də çağırılıb: "O da əməliyyatda iştirak edib. Lakin qızımın həyatını xilas edə bilmədilər. İnanın kı, bizə vəziyyətin necə olduğunu da demirdilər. Bir neçə saat sonra qızımın əməliyyat sonrası öldüyünü bildirdilər."
R.Məmmədov onu da bildirib ki, həkimlər ona qızının böyrəyində problemi olduğunu bununda əməliyyat zamanı həyatını itirmə riskli olduğunu deyiblər: "Bəs böyrəyində problemi olubsa, niyə səhərəcən bizdən qan alırdılar. Niyə əməliyyata kömək üçün başqa yerdən həkim çağırıblar? Deməli qızımın qeysəriyyə əməliyyatı zamanı nəsə səhvləri olub ki, bu qədər qan itirib və həkimlərin səhlənkarlığı nəticəsində mənim tək övladım dünyasını dəyişdi. İndi onun bir qızı və bir oğlu yetim qaldı."
Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasından "Report"a bildirilib ki, doğuş Gəncə şəhər Reginal Perinatal Mərkəzdə olub: "A.Səhhət adına 1 nömrəli xəstəxana və Regional Perinatal Mərkəz eyni ərazidə yerləşdiyindən bəzən elə bilirlər ki, mərkəz xəstəxananın tərkibindədir. Lakin həmin mərkəzin xəstəxanaya heç bir adiyyəti yoxdur".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun