Etirazçı biznesmen yeni etiraz formaları ilə haqqını tələb edir – [Video]

Biznesmen Nicad İbrahim polislər tərəfindən haqsızlığa məruz qaldığını iddia edərək maraqlı etiraz formasına əl atıb. 
Abzas.net xəbər verir ki, sosial şəbəkədə yayımladığı videoda biznesmən qarlı havada başından soyuq su tökərək ədalətsizliyə qarşı etiraz etdiyini deyir.
“Mən etiraz əlaməti olaraq bu qarlı havada üstümə soyuq su tökəcəm. Haqq və hüquqlarım üçün bu formada etiraz edirəm. Cinayətkarlığa, ədalətsizliyə, qanunsuzluğa, cəzasızlığa etiraza edirəm. Haqq-ədalət yerini tapana qədər də davam edəcəm”
Abzas.net-ə açıqlamasında Nicad İbrahim bir neçə il əvvəl bir neçə polis əməkdaşı tərəfindən pullarının əlindən alındığını, buna etiraz etdikdə isə silahlı hücuma məruz qaldığını bildirib.
“Mən Polis cinayətinə, işgəncəsinə, quldurluğuna, qanunsuzluğuna qarşı etiraz edirəm! Cinayətkar polisləri ona görə həbs etmirlər ki, onları yüksək vəzifəli qohumları, dostları dövlətin gücündən sui-istifadə edərək qoruyurlar. Hüquq mühafizə orqanlarının ağır cinayətin üstünü bilərəkdən örtmələrinə etiraz edirəm”.
Biznesmen ona qarşı edilən haqsızlıqların üstünü bilərəkdən örtüldüyünü, dövlətin cinayətkar polisləri qoruduğunu da əlavə edib: “Hüquq mühafizə orqanları müxtəlif bəhanələr gətirərək cinayət işi açmırlar. Cinayətkarları həbs etmələri üçün kifayyət qədər sübut və faktlar var. Amma onları dövlət adından qoruyurlar. Adların sübutlarla çəkdiyim cinayətkar polislər aysberqin görünən tərəfidir. Cinayətkar polisləri dövlət qorumaqla mənə düşmən kimi davranır. Mən haqq ədalət bərpa olana qədər etiraz etməyə davam edəcəm”.
Xatırladaq ki, biznesmen Nicad İbrahim ötən ilin dekabrın 30-da ona qarşı edilən qanunsuzluğa və polislərin cəzalandırılmamasına etiraz olaraq ağzını tikərək ölüm aclığına başlamışdı. 11 gün davam edən aksiyanı qızlarının xatirinə dayandırdığını bildirmişdi.
Etirazın səbəbinə gəldikdə isə Nicad İbrahim bildirib ki, 2008-ci ildə Anar Əliyev adında polis mayoru onu aldadaraq külli miqdarda pul alıb. Sonra onu qaytarmamaq və əlavə olaraq üstündəki pulları götürmək üçün Nicad İbrahimi bir neçə polis güllələyib.
Uzun müddət xəstə yatan biznesmen müflis olub və bildirdiyinə görə, polislər və həkimlər onu hədələyərək məsələni ictimailəşdirməməyi tələb ediblər. Hadisə ilə bağlı cinayət işi açılıb. Amma rəsmi versiyaya görə, Nicad İbrahim özü özünü güllələyib.
Nicad ibrahim deyir ki, hələ də məhkəmə qərarının əslini əldə edə bilməyib.